Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 15:15:00
Qubada iki böyük məktəb binası inşa edilir

Quba rayonunda, ümumilikdə, 1752 şagird yerlik iki məktəb binası inşa olunur.

AzEdu.az-ın məlumatına görə AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonunun Alekseyevka kəndində inşa olunan 960 şagird yerlik məktəb binasında tikinti işləri yekunlaşır. Təhsil ocağı yeni tədris ilinə kimi istifadəyə veriləcək.

Üçmərtəbəli binada 40 sinif, 6 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq.

Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək. Məktəb binasının tikintisinin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulub.

Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində tədris Azərbaycan və rus dillərində aparılır. Dörd min nəfərdən çox sakini olan Alekseyevka Qubanın ən böyük kəndlərindən sayılır.

Quba rayonunun Birinci Nügədi kəndində inşa olunan üçmərtəbəli məktəb binası isə 792 şagird yerlikdir.

Bu binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq.

Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi beş korpusdan ibarətdir. Müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.

Məktəb binasının tikintisinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.