Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-12 09:30:00
Dərsliklər hansı meyarlar üzrə qiymətləndirilir? – Tələblər və ballar

Dərslik siyasəti  təhsil sahəsində prioritet istiqamətlərdən biridir. Ölkəmizdə bu siyasəti Nazirlər Kabineti müəyyən edir.

Orta ümumtəhsil müəssisələri üçün dərsliklər hazırlanarkən onlar bir neçə mərhələdən keçirilir.

Dərsliyin əlyazması Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tərəfindən qiymətləndirildikdən sonra nəticələr bəlli olur.

Bəs, Şura dərslikləri qiymətləndirərkən hansı meyarları əsas götürür? Bunun üçün bəlli bir qiymətləndirmə sistemi varmı?

AzEdu.az xəbər verir ki, bu kriteriyalar “Dərsliklərin qiymətləndirilməsi meyarları”nda qeyd edilib. Meyarlara əsasən, dərsliyin məzmunu maksimum  60, dil və yazı üslubu 20, dizayn, rəsm və illüstrasiyalar, bədii tərtibat isə 20 olmaqla, cəmi 100 balla qiymətləndirilə bilər.

Dərsliyin məzmununa qoyulan tələblər isə ballar üzrə aşağıdakı kimi bölüşdürülüb:

-Fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılması səviyyəsi – 10;

-Təlim materiallarının və faktların elmiliyi, dəqiqliyi, etibarlılığı-10;

-Mövzularda didaktik tələblərin (şəxsiyyətyönlük, tələbyönlük, nəticəyönlük, tərbiyəvilik) gözlənilməsi-4;

-Tədris vahidlərinin və materialların sadədən mürəkkəbə doğru ardıcıllığı-4;

-Fəndaxili və fənlərarası inteqrasiya-3;

-Gender, irq, etnik və din məsələlərinə həssas yanaşmanın təmin olunması-3;

-Davamlı inkişaf konsepsiyasına müvafiq olaraq ətraf mühitə qayğıkeş münasibətin, təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin təbliğ olunması-4;

-Tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluğun gözlənilməsi-6;

-İnklüzivliyin təmin olunması və diferensial təlim üçün (təlim nəticələri zəif, yüksək və sağlamlıq imkanları məhdud olanlar) materialların verilməsi-3;

-Müstəqil təlimə imkan yaradılması-3;

-İnteraktiv təlimə zəmin yaradılması-3;

-Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının mütənasibliyi-2;

-Nəzəri məlumatlarla praktik tapşırıqlar arasında vəhdətin və mütənasibliyin gözlənilməsi-3;

-Şagirdlər üçün özünüqiymətləndirmə materiallarının daxil edilməsi- 2

Dil və yazı üslubu dərsliyə cəmi 20 bal gətirsə də, meyarlar aşağıdakı kimi bölünüb:

-Dil və üslub cəhətdən şagirdin yaş səviyyəsinə uyğunluq-5;

-Dil qaydalarına əməl olunması-8;

-Söz ehtiyatının və nitq inkişafının nəzərə alınması-4;

-Yeni söz və terminlərin izahının verilməsi-3;

Dizayn, rəsm və illüstrasiyalar, bədii tərtibatın gətirdiyi maksimal 20 bal aşağıdalı kriteriyalar üzrə verilir:

-Rəsm və illüstrasiyaların orijinallığı – 5;

-Rəsm və illüstrasiyaların mətnə uyğunluğu, ifadəliliyi və aydınlığı – 5;

-Rəsm, illüstrasiya və dizaynın məzmunun səmərəli mənimsənilməsinə təsiri-2;

-Rəsm və illüstrasiyalarda cəlbedicilik və şagird marağının nəzərə alınması 2

-Mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti-2;

-Vahid dizayn üslubunun gözlənilməsi-2;

-Üz qabığının tərtibatının dərsliyin məzmununa uyğunluğu-2

Qeyd edək ki, DQŞ-nin üzvü olan, drsliklərin qiymətləndirilməsində iştirak edən ekspert də müəyyən tələblərə cavab verməlidir. Onun müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsili olmalıdır. Müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olması, İKT-dən istifadə bacarıqları da şərtdir. O, ən azından  Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları