Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 16:20:00
“Fərqlənmə attestatlarının sahiblərinə də müsabiqədənkənar qəbul şansı verilsin” - TƏKLİF  

Məktəblərdə IX və XI sinif məzunlarına attestatların verilməsinə artıq başlanılıb.

2017-ci ildən etibarən IX sinfi bitirənlərə də attestat verilir. Təhsildə xüsusi nailiyyətləri ilə fərqlənənlər isə fərqlənmə attestatına sahib ola  bilirlər.

Bu il fərqlənmə attestatlarına maraq xüsusilə artıb. Sosial şəbəkələrdəki paylaşımlar, fərqlənmə attestatı alanların mediada nisbətən çox qabardılması da bunu sübut edir.

Bəs, fərqlənmə attestatının şagirdə qazandırdığı üstünlüklər nələrdir? Attestatların bu şəkildə - fərqli formada verilməsinin xüsusi avantajı varmı?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli attestatların fərqləndirilməsini şagirdlər üçün stimul hesab edir və yüksək qiymətləndirir. Fikrini isə bu cür əsaslandırır:

“Əvvəl ən yaxşı attestatı şişirtmə qiymətlərlə məktəb direktorunun yaxını ala bilirdi. İndi isə bunun üçün xüsusi meyarlar nəzərdə tutulub: Şagird oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməli, bütün fənlər üzrə qiymətləri “5” olmalı, buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplamalıdır.

Məsələn, məktəbimizin bir şagirdi digər fənlərdən 75 bal toplasa da, bir fənn üzrə nəticəsi 69 bal idi. Buna görə də fərqlənmə attestatı ala bilmədi. Bu attestatlar şagirdlərin daha çox çalışmaları üçün motivasiyadır”.

“Fərqlənmə attestatlarının sahiblərinə də müsabiqədənkənar qəbul şansı verilsin”

Nemət müəllimin fərqlənmə attestatı alan şagirdlərlə bağlı xüsusi təklifləri də var:

“Universitetə qəbul zamanı bir neçə abituriyent eyni balı topladıqda attestatdakı göstəricilərə diqqət yetirilir. Amma olimpiada qalibləri kimi fərqlənmə attestatlarının sahiblərinə də müsabiqədənkənar qəbul şansı verilsə, yaxşı olardı. İstərdim, bu, XI siniflərə şamil edilsin. IX sinif şagirdlərinə isə bu attestat sadəcə motivasiya və təmayülləşmədə iştirak üçün şans versin. Biri var, şagird təmayülləşmədə zor gücünə iştirak etsin, biri də var ki, artıq fənlər üzrə nəticələrini, hansı istiqamətə marağı olduğunu bilsin.

Olimpiada qaliblərinin attestatları da fərqlənir. Bu, onların olimpiada göstəricilərindən asılı olaraq qızılı, gümüşü rəngdə olur. Buna da çox müsbət yanaşıram. Amma fərqləndirmə attesttatı da universitetə qəbulda nəzərə alınsa, şagirdlərə müsbət təsir göstərər”.

“Attestatların çox paylaşılması, bəlkə də, bununla bağlıdır”

Nemət müəllim sonuncu il fərqlənmə attestatına olan marağı, şagirdlərin sosial şəbəkələrdəki paylaşımlarını belə izah edib:

“Bilirsiz, biz “qonşudan geri qalmamaq” prinsipi ilə yaşayırıq. İstəyirik ki, qoyduğumuz statusa baxıb daha savadlı olduğumuzu düşünsünlər. Özümüz üçün yaşamağı bacarmırıq. Attestatların çox paylaşılması, bəlkə də, elə bununla bağlıdır”.

“Riyaziyyat və ingilis dilindən attestat nəticələri yüksək olanları xarici universitetlərə göndərmək olar”

Gənc direktor fərqlənmə attestatlarının avantajları ilə bağlı başqa təkliflərini də səsləndirib:

“Bilirsiniz ki, ingilis dili və riyaziyyat bir qədər beynəlxalq fənn hesab olunur. Buna görə, Riyaziyyat və İngilis dilindən attestat nəticələri yüksək olanları xarici universitetlərə göndərmək olar”.

Buraxılış imtahanından yüksək nəticə göstərənlərin tibb kolleclərinə birbaşa qəbulu da yaxşı olardı”.

Qeyd edək ki, məzunlara fərqlənmə attestatlarının verilməsi Təhsil nazirinin 08.06.2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilən “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”na əsasən tənzimlənir.

Ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları