XƏBƏRLƏR

10.07.2019 15:40
MİQ müsabiqəsinin informatika fənni üzrə Respublika birincisi: “Şəffav imtahan yüksək təhsil islahatının bariz nümunəsidir"  

“Peşəkar müəllim şagirdləri öyrənməyə həvəsləndirməlidir. Bundan öncə  isə o, öz peşəsini sevməli, işinə həvəslə yanaşmalıdır”.

Bu sözlər müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində informatika fənni üzrə ilk seansda ən yüksək nəticə göstərən -57 bal- Gülbəniz İsrafilovaya məxsusdur.

Gülbəniz İsrafilova iyulun 10-da keçirilən test imtahanından uğurla keçərək, 57 bal toplayıb. O, hazırda Şəki şəhər M.Füzuli adına 3 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika müəllimi işləyir.

 Biliyini yoxlamaq və 60 balı hədəf seçmək üçün test imtahanına qatıldığını bildirir. 2017-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında isə Şəki rayonu üzrə müəllimlər arasında riyaziyyat fənnindən maksimum nəticə əldə edərək, 58 bal toplayıb.

AzEdu.az Gülbəniz İsrafilovanın  müsabiqə barəsində təəssüratlarını təqdim edir:

-MİQ müsabiqəsinin test mərhələsində salınan suallar normal səviyyədə tərtib olunmuşdu. Ümumiyyətlə, müsabiqənin test mərhələsində iştirak edən müəllim namizədləri əsasən nəzəriyyələri yaxşı öyrənməlidirlər. Çünki nəzəriyyəni yaxşı öyrəndikdə istənilən nəticəni əldə etmək mümkündür. Kurikulumdan salınan suallar isə bütün mövzuları əhatə etmişdi. Əlavə olaraq bildirim ki, kurikulum sualları  məntiqi xüsusiyyətlərinə görə fərqlənirdi.  

MİQ müsabiqəsinin test mərhələsinə salınan suallar dəhşətli səviyyədə çətin deyildi. Hazırda Şəki məktəbində müəllim kimi fəaliyyət göstərirəm. MİQ müsabiqəsində isə özümü sınamaq üçün iştirak etmişdim.  Əgər uyğun vakansiya olarsa, iş yerimi dəyişmək istərdim. Onu da bildirim ki, 2017-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində riyaziyyat fənnindən Şəki şəhəri üzrə ən yüksək nəticəni göstərmişəm. Amma bu dəfə də informatika fənni üzrə özümü sınamaq istədim. Onu da qeyd edim ki, hələlik iş yerimi dəyişmək istəmirəm. Amma uyğun vakansiya olduğu təqdirdə Bakıda müəllim kimi fəaliyyət göstərmək istərdim. 

Təhsil Nazirliyinin son illərdə keçirdiyi islahatları çox yüksək səviyyədə dəyərləndirirəm”

Düşünürəm ki, peşəkar müəllim şagirdlərə öyrənməyi həvəsləndirməlidir. Amma ilk növbədə müəllim öz peşəsini sevməli, işinə həvəslə yanaşmalıdır.

Ümumiyyətlə, Təhsil Nazirliyinin son illərdə keçirdiyi islahatları çox yüksək səviyyədə dəyərləndirirəm. Müəllim olmaq istəyən namizədlərin şəffaf formada keçirilən imtahanlarda iştirak edib, işlə təmin olunması bunun bariz nümunəsidir.

MİQ müsabiqəsində  iştirak etmək istəyən müəllim namizədlərinə tövsiyəm odur ki, imtahanlara yaxşı hazırlaşsınlar. Çünki asan və ya çətin heç nə yoxdur”,-deyə Gülbəniz müəllim müsabiqə ilə bağlı təəssüratlarını sonlandırır.

Qeyd edək ki, iyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak ediblər.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu