Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 11:00:00
MİQ-də “bal davası”- “Yüzlərlə namizədin müraciətlərinə cavab verilməyib”    

 

Avqust ayından etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinə start verilib.

 

Müsabiqədə iştirak edən müdavimlərdən bəziləri isə imtahanda topladığı nəticələrin şəxsi səhifələrinə səhv göndərilməsindən narazı qalıblar.

 

Onlardan biri MİQ-in test imtahan mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak edən  Ayşə Müseyiblidir.

 

Azedu.az xəbər verir ki, namizəd bu il MİQ-də 52 bal toplasa da, şəxsi səhifəsinə göndərilən məlumatda nəticə  50 bal kimi göstərilib.

 

Bu problem sonradan həll olunsa da,  namizəd yanlış suala görə bir balın onun xeyrinə hesablanmadığını bildirir:

 

“İstənilən imtahanda səhv sual namizədin xeyrinə hesablanır. Bu il keçirilən MİQ müsabiqəsində  bütün seanslarda səhv sual olub. Həmin sual bəzi namizədlərin xeyrinə hesablandığı halda, avqustun 18-i saat 17:00-da imtahan verən namizədlər üçün bu, nəzərə alınmayıb.

 

Hətta məsələlənin ən dolaşıq tərəfi odur ki, həmin saatda imtahan verən bəzi müəllimlərin nəticələri nəzərə alındığı halda, mənim kimi yüzlərlə namizədin müraciətlərinə cavab verilməyib.

 

Sual metodika fənnindən təhsilverənlərin vəzifələri ilə bağlı idi. İmtahandan iki gün sonra apellyasiyaya müraciət etdim, sadəcə müraciətim əsassız hesab olunub. Halbuki appelyasiya müraciət edən və etməyənlərin nəticəsi də avtomatik olaraq nazirlik tərəfindən namizədin xeyrinə hesablanıb”.

 

Müsahibimiz digər problemi də diqqətə çatdırır:

 

“Bildiyiniz kimi, bu il şəxsi səhifələrə nəticələrin göndərilməsində də problem yaşandı. İmtahanda topladığımız baldan iki bal çıxılmışdı, bu problemi nazirlik dərhal aradan qaldırdı. Amma məsələ budur ki, həmin problemi yaşayan namizədlərə səhv suala görə əlavə bal hesablanmadı. Bununla bağlı Təhsil Nazirliyinə, İnsan Resursları Mərkəzinə müraciət etmişəm, müraciətim qeydə alınıb, məsələ araşdırılır. Mənə cavab veriləcəyi deyilir. Ümid edirəm ki, bu bizim xeyrimizə həll olunar.   Çünki müəllimliyi həqiqətən istəyirəm, bir bal da mənim üçün çox əhəmiyyətlidir. Eyni səhv suala görə bəzilərinə bal əlavə etmək, bəzilərinin nəticəsini olduğu kimi saxlamaq həm haqsızlıq olar, həm də bizim rəqabətdə uduzmağımıza gətirib çıxarar”.

 

Ümid edirik ki, bu tip problemlər tez bir zamanda öz həllini tapar.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları