Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 13:02:26
Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?–Rəsmi  

İyulun 23-dən 29-dək “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu–Nəsimi”  yay məktəbi keçiriləcək.

“Təhsil Avtobusu – Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cəbrayıl rayonu-Cocuq Mərcanlı kəndi-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək.

Bəs, məktəbinin bu layihədə iştirak etməsini istəyən direktorlar hara və necə müraciət etməlidirlər?

Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yay məktəbi qeyd edilən bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan V-IX sinif şagirdlərini əhatə edəcək.

Qeyd edilib ki, yay məktəbində iştirak üçün bir neçə ay əvvəldən qeydiyyat prosesi başladılır. Cocuq Mərcanlı kəndi xaric olmaqla hər bölgədə yerləşən kənd məktəblərinin hər birində müəyyən sayda şagird artıq seçilib.

Hər bölgənin şagirdləri öz rayonlarında təşkil ediləcək yay məktəbində bir gün müddətində iştirak edə biləcək.

Hər rayon üçün nəzərdə tutulan iştirakçı sayı 30-dur.

Qeyd edək ki, yay məktəbi çərçivəsində şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, incəsənət, natiqlik, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları