Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 11:09:00
“150 mindən çox müəllimin həftəlik dərs yükü və  vəzifə maaşı 2 dəfə artırılıb”- Ceyhun Bayramov  

“Cari tədris ilinə ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər,  müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib”.

 AzEdu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Təhsil nazirin sözlərinə görə, son 5 ildə  20 mindən çox gənc müəllim işə qəbul olunub:

“Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tədris ilinə ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilmişdir ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırmış, 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb. Həmçinin, müraciət edənlərin sayı 51 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşmış, 20 mindən çox gənc müəllim işə qəbul olunub”.

Təhsil naziri Ceyhun Bayramov  bildirib ki, 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb:

“2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Müəllimlərin orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşıb. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artıb. Müəllimlər arasında sağlam rəqabət və motivasiya güclənmiş, müəllimlik rəqabətli bir peşəyə çevrilərək, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlib. 2018-ci ildə 500 baldan yuxarı toplamış abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçmişdir ki, bu da strategiyanın icrasına başladığımız ilin eyni göstəricisindən 2,3 dəfə çoxdur. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına və yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları