Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-05 14:00:00
Bu il modul tipli 50 məktəbin tikilməsi nəzərdə tutulub

Modul tipli məktəblərin quraşdırılması 2019-cu ildə davam etdiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.

Bildirilib ki, 2019-cu il ərzində daha 50 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

Nazirlik rəsmisinin sözlərinə görə, cari ildə təkcə modul məktəblərin quraşdırılması deyil, eyni zamanda bəzi məktəblərdə əsaslı təmir-tikinti işlərinin həyata keçirilməsi də planlaşdırılır.

Məlumata əsasən, il ərzində həmçinin bir sıra məktəblərin açılışı da olacaq. 13.404 şagird yerlik 36 məktəbin açılışı nəzərdə tutulub ki, həmin məktəblərə 2 internat, 2 məktəbdənkənar təhsil müəssisə daxildir.

Qeyd edək ki, son 15 il ərzində ölkədə 3200-dən artıq məktəb binası tikilib və ya təmir edilib. Bu məktəblərdən 941-i Təhsil Nazirliyinin birbaşa sifarişi ilə inşa olunub. Həmin məktəblərin 536-sı yenidən tikilib, 135 məktəbdə isə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb.

2017-2018-ci tədris ili ərzində ölkədə 56 məktəb tikilərək istifadəyə verilib. Bu 56 məktəbdən 39-u ümumi təhsil, 7-si internat, 2-si məktəbdənkənar, 3-ü isə peşə təhsili müəssisədir.