XƏBƏRLƏR

12.04.2019 13:48
Reyhan Camalova və dostlarının elmi icadları - Xəstəlikləri 100 faiz aşkarlayan proqram, atmosferi təmizləyən lazer  

12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel İSE-Beynəlxalq Elm və Mühəndislik sərgisi keçiriləcək.

Ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edəcək.

“Sillogizmlə yeni isbat metodları”,“İnsan genomunda ikiistiqamətli promototrlar”,“Rainergy”, “Stock up”, “Fiziki qanunlardan istifadə edərək tüstü şəklində təbiətə buraxılan zərərli maddələrin miqdarının azaldılması” istiqamətində olan layihə müəllifləri “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilib.

Müsabiqənin final mərhələsində 70-dən çox ölkədən müxtəlif layihələr təqdim ediləcək.

AzEdu.az sərgi ilə bağlı iştirakçıların təəssüratlarını öyrənib.

Gənc ixtiraçılar final mərhələsinə hazırdırlarmı?

Zamin Hüseynov: “Azərbaycanı xaricdə layiqli təmsil edəcəyimizə inanıram”

Bakı Avropa liseyinin XI sinif şagirdi Zamin Hüseynov səbirsizliklə ölkəmizi Arizonada təmsil edəcəyini gözləyir. O, hazırda sərgidə iştirak üçün intensiv çalışdığını qeyd edir:

“Təkcə mənim daxil olduğum qrup deyil, digər bütün qruplarda hazırlıq prosesi intensiv şəkildə davam edir. Azərbaycanı xaricdə layiqli təmsil edəcəyimizə inanıram.

Layihəmiz Riyaziyyat fənnindən yeni isbat metodları (“Sillogizmlə yeni isbat metodları”) ilə bağlıdır. Riyazi terminlərdə fərqli üsul və vasitələri istifadə etməyi düşünürük. Bununla bağlı proqram hazırlamışıq və bu ideyanı dünya ictimaiyyətinə çatdırmaq fikrindəyik”.

Reyhan Camalova:“Cəmiyyətə xeyir vermək əsas hədəflərimdəndir”

Bakı şəhəri 283 saylı tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova komandasına inanır. O qeyd edir ki, indi əsas vacib olan layihənin təqdimatıdır:

“Hazırlıq prosesi davam edir: oradakı çıxışımız üzərində intensiv işləyirik. Daha sonra layihənin elmi tərəfləri, poster üzərində də işlər gedir. Mentorlar bizə deyirlər ki, orada daha çox diqqət edəcəyimiz məqam çıxışımız olmalıdır. Çünki çox şey layihəmizi necə təqdim edəcəyimizdən asılıdır.

Bütün komandalar kimi biz də həyəcanlıyıq. Rəqiblərimiz çoxdur, dünyanın müxtəlif ölkəsindən təxminən, 1700 layihə finala vəsiqə qazanıb. Özümüzə inanırıq və ümid edirik ki, vətənimizi Arizonada layiqincə təmsil edə biləcəyik.

Doğrusu, rəqiblərimizin layihələrinin nədən ibarət olduğunu bilmirik, açıqlanmayıb. Məlumatımız olan yalnız müvafiq ölkələr üzrə qatılan finalçıların adlarıdır. Ancaq 5 gün davam edən sərgi müddətində onlarla şəxsi tanışlıq qurmaq və layihələri ilə tanış olmaq imkanı əldə edəcəyik. Yenə deyirəm, özümüzə inanır və qalib olacağımıza ümid edirik. Əslində, finala qədər gəlib çıxmaq özü böyük uğurdur.

Yaxın gələcək üçün planım hələ ki, universitetə qəbul olunmaqla bağlıdır. Ali təhsilimi xaricdə astrofizika üzrə almaq istəyirəm. Bununla bərabər, əlbəttə ki, layihəni davam etdirmək və daha da genişləndirərək insanlığa, cəmiyyətə xeyir vermək də əsas hədəflərimdəndir. Ümid edirəm, layihənin icrası üçün şirkət qura bilər və istəklərimizə nail olarıq”.

Zəhra Qasımzadə: “Ümid edirik, layihəmiz ABŞ-da da layiqli qiymətini alacaq”



Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdiZəhra Qasımzadə də“Rainergy” layihəsini təqdim etməyi səbirsizliklə gözlədiyini bildirib və məşhur layihələri barədə bir daha məlumat verib:

“Hazırlıq prosesi gedir, layihə üzərində işləməyə davam edirik.Ümid edirik ki, Arizonada da layihəmiz layiqli qiymətləndirilər.

Ümumilikdə layihəmiz yağışlı ölkələrin ucqar bölgələrində yaşayan insanların enerjiyə olan tələbatını ödəmək üçün nəzərdə tutulub.

Layihənin təqdimatı prezentasiya (slaydlar) vasitəsilə olacaq”.

Nigar Baxşəliyeva: “Hazırladığım lazer aparatı vasitəsi ilə təbiətdəki çirklənmə prosesinin qarşısını almaq mümkündür”.

Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyeva layihəsi vasitəsilə ətraf mühitin çirklənməsi ilə bağlı problemləri aradan qaldırmaq niyyətindədir:

“Layihənin hazırlıq prosesi davam edir. Bizim layihənin icrası fiziki qanunlardan istifadə edərək tüstü şəklində təbiətə buraxılan zərərli maddələrin miqdarının azaldılmasına gətirib çıxarır. Hazırladığım bu lazer aparatı vasitəsi ilə təbiətdəki çirklənmə prosesinin qarşısını almaq mümkündür.Belə ki, lazerdən çıxan şüa çirkləri özünə çəkərək daha təmiz atmosfer yaradır.Beləliklə də biz ekoloji təmiz ətraf mühitə sahib olmaqlaöz həyatımıza dadaha sağlam şəkildə davam edirik”.

Vaqif Məmmədzadə: “İstifadə etdiyimiz metod dünyanın heç bir elmi araşdırmasında olmadığı üçün sərgidə yer tutmalıyıq”

Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Vaqif Məmmədzadə artıq bu il məzun olur. Finalda qaliblər arasında olacaqlarına əminliyini bildirən Vaqifin gələcəklə bağlı planları çoxdur:

“Bizim layihəmiz informatik metodlardan istifadə edərək insan genomundaikiistiqamətlipromototrlarıntapılması və əldə edilən informasiyanın interpretasiyasıdır. Yəni əldə etdiyimiz informasiyalar bizə nə verir? Bu məlumatları sadə bir vətəndaşın həyatında necə istifadə edə bilərik? Qısaca layihnin ümumi mahiyyəti bundan ibarətdir.

Mənim elmi rəhbərim Molekulyar biologiya və Biotexnologiyalar İnstitutundan İlham Şahmuradovdur.

Qalib gələcəyimizə inanıram. Çünki tamamilə yeni ideya, yeni proyektdir. Burada istifadə etdiyimiz informasiyalar, metodlar heç bir elmi araşdırmada yoxdur. Məhz buna görə dəqiqliklə yer tutmalıyıq.

Bu il artıq məzun oluram. Təhsilimi xaricdə davam etdirmək istəyirəm və artıq bu istiqamətdə ilk addımımı atmışam: Çində təhsil üçün müraciət etmişəm.İnsan genofondunun ümumilikdə bizim sağlamlığımıza təsirini öyrənmək istəyirəm, çünki layihəmiz də birbaşa bununla bağlıdır”.

Selcan Nurullayeva: “1700 rəqib arasından seçilib qalib gələcəyimizə inanıram”

Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva da digər komanda üzvləri kimi ümidlidir. O bildirir ki, hazırladıqları proqram insanda olan xəstəlikləri 100 faiz aşkarlaya bilir:

“Az qalıb, mayın 11-i artıq yola düşürük. Sərgi 12-17 may tarixində həyata keçiriləcək, 18 mayda isə Bakıya qayıdacağıq.

Bu vaxt ərzində Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva və müəllimimiz Samir Orucov bizi tək buraxmayacaq.

Proyektimizin əsas məqsədi insanın genetik xəstəliklərinin aşkar edilməsidir. Araşdırmalar apararaq hazırladığımız proqram insanda olan xəstəlikləri 100 faiz aşkarlaya bilir və bu istiqamətdə müalicə prosesi həyata keçirilir.

Finalda 1700-dən çox rəqibimiz var. Layihələr arasından seçilib qalib olacağımıza inanıram”.

Ruslan Bayramov: “Layihəmizin bəyəniləcəyinə inanırıq”

Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov layihəsinin kompüter elmləri barədə olduğunu bildirib:

“Bizim layihənin hazırlıq prosesi artıq başa çatıb, prezentasiyalar hazırdır. May ayında informasiya texnologiyaları və kompüter elmləri haqda olan layihəmizi Arizonada təqdim edəcəyik. Ümid edirik ki, bəyənilər və biz bu layihənin davamını gətirə bilərik”.

Xatırladaq ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən "Sabahın alimləri" Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Nəzrin Cavid

Şükufə Süleymanlı