Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 13:13:00
Müxtəlif türk xalqlarında Novruz bayramı-Tarixi ənənələr  

Novruz xalqımızın ən sevimli bayramlarından biridir. O, simvolik mənalarla dolu müxtəlif mərasimləri və ənənələri özündə birləşdirir.

 Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edərək şənliklər keçiriblər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur.

AzEdu.az Novruz bayramında müxtəlif ölkələrdə qeyd olunan maraqlı adət-ənənələri diqqətinizə çatdırır:

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin,həyətin odla arınması adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas,bəladan xilas”-deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından “Novruz köcö” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda quzu ətindən əriştəyə oxşar un məmulatından hazırlanan beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır.

Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir. Türkmənlər Novruz tonqalına “saman otu” deyirlər.

Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “Lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilən şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. “S” hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.

Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də, Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır.

Tacikistanda Novruz martın əvvəlindən, 21 mart günlərinəcən, baharın gəlişini və təbiətin canlanmasını qarşılamaq məqsədilə qeyd edilir. Adətə görə süfrəyə qoyulan süd təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik və istirahəti, şam atəşə sitayişi, daraq qadının gözəlliyini təmsil edir. İslam dövründən sonra bunların yerini əsasən “Ş” ilə başlayan 7 nemət əvəz edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, ancaq gizlənmirlər. Onlar yaz çiçəklərindən dərib yığır, qapıları döyüb, evsahiblərinə çiçəklərdən hədiyyə edirlər. Ev sahibi isə onlara konfet, yumurta, ya da pul verir.

Novruza aid olan müxtəlif bayram adətləri var. Bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Sonrakı dövrlərdə “torba atmaq”, “qurşaq atmaq”,“şal sallamaq” və “papaq atmaqla” əvəzlənib.

Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları