Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 17:20:28
Təhsil Nazirliyi müsabiqə elan etdi

Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiqi; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri aprelin 1-i saat 18:00-dan gec olmayaraq sistemə yükləməlidirlər.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.