XƏBƏRLƏR

02.03.2019 10:58
7 medallı beynəlxalq olimpiada qalibi: “Bu, həyatımda dönüş nöqtəsi idi”

 Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara davam edirik.

Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin budəfəki qonağı Məhəmməd Şirinovdur. Məhəmməd Şirinov Türkiyənin Bilkent Universitetində kompüter elmləri və riyaziyyat sahəsi üzrə təhsil alır.

“Dəqiq elmlərə marağım ailədən gəlir”

 “1999-cu ildə Bakıda doğulmuşam. 1-ci sinifdən 4-cü sinfə qədər 286 nömrəli orta məktəbdə, 5-6-cı sinifləri Gənc İstedadlar liseyində, 7-11-ci sinifləri isə Bakı Özəl Tük liseyində təhsil almışam. Dəqiq elmlərə marağım ailədən gəlir. Uşaq olanda atamın bu sahə üzrə çalışdığını görmüşəm. Atam fizika üzrə elmi işçi, anam isə alman və ingilis dili müəllimidir. Məndən 9 və 11 yaş böyük qardaşım və bacım var. Mən məktəb həyatına ilk addımlarımı atanda onlar universitetə hazırlaşırdılar. Təbii ki, onların da elmə, təhsilə yiyələnməyimdə rolu olub”.

 İndi də “kim olacaqsan?” sualına cavab verə bilmirəm”

 Olimpiada qalibi deyir ki, peşə seçimində həmişə çətinlik çəkib.

“Uşaqlıqda hansı peşəni seçmək istədiyimi soruşanda dəqiq cavab verə bilmirdim. Çünki obraz olaraq kimisə gözümün önündə canlandırıb onun kimi olmaq istəməmişəm. İnsanların çoxu uşaqlıqda polis, həkim və ya müəllim olmaq istədiklərini deyirlər. Mən bu mərhələni keçməmişəm. Düzü, hələ də “kim olacaqsan?” sualına cavab verə bilmirəm. Məktəb yaşlarımdan riyaziyyatla məşğul olmağı sevirdim. Özümdən böyük tanış və qohumlardan riyaziyyat haqqında maraqlı faktlar eşitmək həmişə çox maraqlı gəlirdi”.

 “Olimpiadalara hazırlıq məktəb sistemindən fərqli idi”

 Məhəmməd Şirinov bildirib ki, riyaziyyat fənninə marağı onu olimpiadalara doğru istiqamətləndirib.

“Məhz buna görə Bakı Özəl Türk liseyində təhsil alarkən beynəlxalq riyaziyyat olmipiadalarına hazırlıq qrupuna qoşuldum. Bu, həyatımdakı ən böyük dönüş nöqtələrindən biri idi. Çünki olimpiadalara hazırlıq, fərqli ölkələrə səyahət, müxtəlif bilik yarışlarında iştirak məni intellektual və sosial cəhətdən çox inkişaf etdirdi. Olimpiadalara hazırlıq məktəb sistemindən çox fərqli idi. Burada daha çox fərdi hazırlıq və yoldaş olimpiadaçılarla bilik mübadiləsi əhəmiyyət daşıyırdı. Olimpiadalara hazırlıq komandamız çox mehriban idi və bir-birimizə bacardığımız

qədər kömək göstərməyə çalışırdıq. Məktəbdəki müəllimlərimiz də bizə inam göstərib ürəkləndirirdilər”.

 1 qızıl, 2 gümüş, 4 bürünc medal

 Olimpiada qalibi deyir ki, indiyədək iştirak etdiyi beynəlxalq bilik yarışlarında 7 medal qazanıb.

7 medaldan 1-i qızıl, 2-si gümüş, 4-ü bürüncdür.

“Bu olimpiadalara qatılaraq Honk Konq, Tayland, Yunanıstan, Türkiyə, Qazaxıstan, Albaniya, Bolqarıstan, Makedoniya kimi ölkələrə səyahət etmişəm, çoxlu dostlar qazanmışam”.

 “Magistr təhsilimi Türkiyədə almaq istərdim”

 Məhəmməd Şirinov hazırda Türkiyədəki təhsilindən də danışıb.

“Ali təhsilimi Ankarada Bilkent Universitetində kompüter elmləri və riyaziyyat sahəsi üzrə alıram. Marağım informasiya texnologiyaları və riyaziyyatın kəsişmə sahələrinədir: kriptoqrafiya, maşın öyrənməsi, informasiya nəzəriyyəsi və s. Bu sahələrdə daha çox bilik əldə etməyə çalışıram.

Hazırda isə universitetin ERASMUS proqramı çərçivəsində İsveçrədə yerləşən və Avropanın ən yaxşı araşdırma universitetlərindən biri olan EPFL-də təhsil alıram. Bu proqram cəmi 1 semestr çəkəcək, lakin gələcəkdə magistr təhsilimi də burda almaq istəyərəm”.

 

İlin gənc müəllimi-Müraciət formu