Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 14:17:00
Birincilərin birincisiAzərbaycanın gənc istedadlarını tanıyaq

Azərbaycanın gənc istedadlarını tanıyaq

Məlumdur ki, ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi  və rəğbətləndirilməsində müxtəlif  fənn olimpiadalarının, bilik  yarışlarının  mühüm əhəmiyyəti var. Təhsil  Nazirliyi tərəfindən  istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları,  bir qayda olaraq,  ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir.  Builki yarışlarda xüsusi istedadı və hazırlığı ilə seçilən 30 mindən çox şagird öz bilik və bacarıqlarını  nümayiş etdirib. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.  Fənn olimpiadalarının nəticələrinə əsasən, ayrı-ayrı fənlər üzrə qızıl medala layiq görülmüş 8 məktəbli həm də “Birincilərin birincisi” adını qazanıb.   Şagirdlərimizdən Əli Əliyev kimya,  Sirac Yəhyazadə fizika, Vüqar  Rufulla tarix, Ceyhun Əsədov Azərbaycan dili və ədəbiyyat, Ramil Cəbiyev riyaziyyat,  Abutalıb  Namazov informatika, Cavid Balaməmmədov coğrafiya, Mətin Muradlı biologiya  fənləri üzrə “Birincilərin birincisi” nominasiyasında qalib olublar. Gənc zəkalarla daha yaxından tanış olaq.

 

 

“Fənn olimpiadasında medal almaq qürurverici bir hissdir”

 

 

 Sirac Yəhyazadə,  Sumqayıt şəhər  Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi: - 2004-cü ildə Sumqayıt şəhərində anadan olub.  2010-cu ildə Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbə daxil olub.   2018-ci ildə Beynəlxalq Elm Olimpiadasında (İJSO) iştirak edib.

 

-  Məncə, Respublika fənn olimpiadaları savadlı və eyni zamanda bacarıqlı, gələcəkdə millətimiz üçün böyük nailiyyətlər əldə edə biləcək insanların seçilməsi üçün əla bilik müsabiqəsidir.   Respublika fənn olimpiadasında  medal almaq qürurverici bir hissdir. Olimpiadada  xüsusilə  də “Birincilərin birincisi” adına layiq görülmək insana  başqa bir həvəs, qürur,  həmçinin gələcək müsabiqələr üçün daha qüvvətli bir inam bəxş edir.  Gələcəklə bağlı planlarım xəyallarımı gerçəkləşdirməkdir. Ən  böyük xəyalım alim olub bəşəriyyətə xeyri olacaq yeni bir  kəşf etməkdir.

 “Adım çəkildiyi an həm sevindim, həm də duyğulandım”

 

Mətin Muradlı,  Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi: - 2003-cü il noyabrın 6-da  Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib.  Mətin “Birincilərin birincisi”  adına layiq görülməsi xəbərini İranda alıb.

 - VIII  sinifdə oxuyarkən fənn müsabiqəsində topladığım nəticəyə görə aşağı yaş qrupu üzrə olimpiadaya hazırlıq dərslərində iştirak hüququ qazandım. Ötən tədris ilində biologiya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal aldım.   Məktəbdə biologiya fənnini tədris edən müəllimim Nəzakət İmaməliyeva,   aşağı yaş qrupu hazırlıq dərsi keçən  Elxan Tahirov bu fənni mənə sevdirdilər,  bu elmin dərinliklərini professional və maraqlı şəkildə tədris etdilər.    Bu dərslərlə yanaşı mən beynəlxalq olimpiadaya hazırlaşırdım. Cari tədris ilində keçirilən yuxarı yaş qrupu hazırlıq dərslərinin seçim imtahanını uğurla verdim. Bir il keçən dərs müddətində 7 dəfə imtahan verib İBO (Beynəlxalq Biologiya Olimpiadası) komandasına seçildim.  Builki respublika fənn olimpiadasında “Birincilərin birincisi” nominasiyasına layiq görülməyim mənim üçün böyük uğur, nailiyyət və gələcək üçün qurduğum planlarımın başlanğıcıdır. Düzdür, həmin tədbirdə iştirak etməsəm də, inanın, oradakı yoldaşlarımdan daha həyəcanlı idim. Adım çəkildiyi an həm sevindim, həm də duyğulandım. Bu hissi yaşayandan sonra isə əslində doğru yolda addımladığıma bir daha əmin oldum. Və dünya olimpiadasına daha möhkəm, əmin və motivasiya ilə hazırlığa “Davam!” dedim. Biz hazırda 4 nəfər olmaqla İran İslam Respublikasına təcrübə keçməyə gəlmişik. Burada öyrəndiklərimiz bizim bilik və bacarığımızı daha da genişləndirir və möhkəmləndirir. 2019-cu ilin 14-21 iyul tarixlərində keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşırıq. Açığı, bu, mənim ilk beynəlxalq olimpiadam olacağı üçün həyəcanlıyam. Nailiyyət qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bunun üçün bütün komanda yoldaşlarım da çox çalışır. İnşaallah növbəti ildə də beynəlxalq fənn olimpiadasında iştirak edib qalib gəlmək istəyirəm. Növbəti illərdə də fənn olimpiadalarına qatılmağı düşünürəm.

Respublika fənn olimpiadası olduqca şəffaf, obyektivdir və həmçinin beynəlxalq standartlara cavab verir. Bu səbəbdən bizim nəzəri nəticələrimiz olduqca yaxşıdır. Düşünürəm ki, respublika fənn olimpiadasında praktik mərhələ olsa, bizim dünya olimpiadasında nəticələrimiz daha yaxşı olar.  Təhsil Nazirliyi bu mərhələdə uğurlu olmağımız üçün bizi 2 dəfə İran İslam Respublikasına təlimə yollayıb. Buna görə nazirliyə  şəxsi minnətdarlığımı bildirirəm.

 “Birincilərin birincisi” seçilməyim sürpriz oldu

 

 

Cavid Balaməmmədov,  Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi: - 2002-ci ildə Bakıda anadan olub. 2008-ci ildə Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbin birinci sinfinə gedib.  2016-cı ildə isə imtahan verərək Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə  qəbul olub.

 

-  Respublika fənn olimpiadalarına ilk dəfə 10-cu sinifdə qatılmışam. Coğrafiya fənnindən qatıldığım olimpiadada 3-cü yerə layiq görülmüş və bürünc medal qazanmışam. Bu il isə özümü yenidən sınamaq qərarına gəldim və coğrafiya fənnindən olimpiadalara qatıldım. Keçən ildəkindən daha təcrübəli və bilikli şəkildə. İmtahandan çıxandan sonra yaxşı yazdığımı düşünürdüm və düşüncəm məni yanıltmadı. Coğrafiya fənnindən qızıl medala layiq görüldüm. Lakin “Birincilərin birincisi” seçilməyim həm mənim,  həm də yaxınlarım üçün həqiqətən sürpriz oldu. Respublika fənn olimpiadaları bu il də əvvəllər olduğu kimi, yüksək səviyyədə,  həm də maraqlı keçdi.  Suallar daha konkret və dəqiq idi. Həmçinin biz öz nəticələrimizlə tanış ola və ehtiyac yarandıqda apelyasiyaya müraciət edə bilirdik. Mən bu il apelyasiyaların təşkilindən, obyektivliyindən,  xüsusilə müəllimlərin ədalətli qərarından razı qaldım.  Mükafatlandırma mərasimi bu il də yüksək səviyyədə keçirildi. Fənn olimpiadaları əməyimizin qiymətləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Bütün məktəblilərə bu bilik yarışında iştirak etmələrini məsləhət görərdim. Əldə etdiyim uğura görə Kadir müəllim başda olmaqla liseyimizin müəllim kollektivinə, müəllimlərimə və ailəmə minnətdarlığımı bildirmək istərdim.

 

 “Təhsil naziri tərəfindən təltif olunmaq əlavə sevinc və qürur idi”

 Ceyhun Əsədov, Xaçmaz rayon Qımıl-qışlaq kənd tam orta məktəbinin XI sinif şagirdi: - 2001-ci il sentyabrın 15-də   Xaçmaz rayon Mollabürhan kəndində anadan olub.  2017-ci ildə Mais Rüstəmov adına həmin kənd orta məktəbinin 9-cu sinfini əlaçı kimi bitirib. Sonra Xaçmaz rayon Qımıl-qışlaq kənd tam orta məktəbinə daxil olub. X-XI sinifləri bu məktəbdə oxuyub.

 

- Məktəbdə keçirilən müxtəlif  bilik yarışlarıında iştirak edərək müvafiq yerlərə layiq görülmüşəm. Məsələn, rus dili fənni üzrə rayon olimpiadasında qalib gələrək ikinci yeri tutmuşam.  Azərbaycan dili və ədəbiyyat fənninə aşağı siniflərdən xüsusi marağım olub və bu fənni sevdirən, IX sinfə qədər mənə dərs demiş Südabə müəllimə  təşəkkür edirəm.  X sinifdə oxuyarkən isə fənn olimpiadasına qatılmağı qərara aldım və bu iştirak uğursuz olmadı,  final mərhələsinə qədər yüksəldim. Medal ala bilməsəm də, Təhsil Nazirliyi tərəfindən iştirakçı sertifikatına layiq görüldüm. Mənim üzərimdə Qımıl-qışlaq kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Əfsanə xanım ciddi məşğul olurdu. Bu il də fənn olimpiadasına qatıldım. Ən azından medal qazanmağı hədəfləmişdim. Lakin qızıl medal qazanmağı və “Birincilərin birincisi”  olmağı gözləmirdim. Həm olimpiadaya,  həm də qarşıdakı qəbul imtahanlarına hazırlaşmaq heç də asan deyildi.  Olimpiadaya əlavə mənbələrdən istifadə edərək hazırlaşırdım. Xüsusi olimpiada sualları ilə işləyirdim. Keçən ilin may ayından etibarən qarşıma məqsəd qoydum ki, ən azından medal əldə edəcəm. Ötənilki nəticə məni bir az ruhdan saldı, lakin bu nəticə ilə inandım ki, bu müsabiqədə uğur əldə etmək imkanım var.

 

Qeyd edim ki, imtahanlara hazırlıq məqsədilə “Uğur” hazırlıq kurslarına da gedirdim. Və oradakı ədəbiyyat müəllimim Fidan müəllim idi. Vaxtımın çoxunu olimpiada fənninə ayırırdım,  amma digər fənləri də kənarda qoymamağa çalışırdım. Çox sevinirəm ki, mənə olan etimadı doğrulda bildim. Rayon və məktəbimizi uğurla təmsil etdim.

 Mükafatlandırma mərasimi çox möhtəşəm idi. Xüsusilə, bir kənd məktəblisi kimi bu nailiyyəti əldə etmək və şəxsən ölkənin Təhsil naziri tərəfindən təltif olunmaq əlavə sevinc və qürur idi. Bu uğurda  valideynlərimin zəhməti də danılmazdır. 

 Gələcəkdə hüquqşünas olmaq istəyirəm, həmçinin kitab müəllifi olmağı da arzulayıram.

 “Mükafatlandırma mərasimi çox gözəl təşkil olunmuşdu”

 Əli Əliyev, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi: - 2002-ci il 15 iyul tarixində  Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub.  Orta  təhsilinə qəsəbədəki Nüsrət Yaqubov adına 120 nömrəli  tam orta məktəbdə başlayıb.  VIII sinifdə beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzinə keçirilən imtahanlarda kimya fənni üzrə iştirak edib və  mərkəzə qəbul olunub.  Daha sonra  mərkəz tərəfindən Kimya-biologiya təmayüllü respublika liseyində keçirilən dərslərdə iştirak edib. IX sinifdə  adıçəkilən təhsil müəssisəsinə qəbul olunub.  İndiyə qədər müxtəlif beynəlxalq olimpiadalarda - Qazaxıstanın Astana şəhərində keçirilən 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında və Rusiyanın Moskva şəhərində keçirilən Meqapolis Olimpiadasında iştirak edib.  Meqapolis Olimpiadasında və  Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında bürünc medallara  layiq görülüb.

 

- Mən artıq 4 ildir ki, kimya fənni üzrə  Respublika fənn olimpiadalarında   iştirak edirəm. Olimpiadalarda ilk iştirakım VIII  sinifdə olub. Həmin  il mənim üçün uğurlu olmasa da sonrakı illərdə müvafiq olaraq gümüş,  2 qızıl medal və  “Birincilərin birincisi” nominasiyasına  layiq görüldüm.  Olimpiada təəssüratlarım barədə onu deyə bilərəm ki, illər keçdikcə sualların həlli üçün tələb olunan faktiki biliklərin  sayı azalır və sualların  həlli daha çox məntiqə əsaslanır.  Sualların çətinlik səviyyəsində isə heç bir çətinlik hiss etmədim. 

 Mükafatlandırma mərasimi çox gözəl təşkil olunmuşdu. Mərasim mənim üçün gözəl və maraqlı keçdi.  Bundan sonrakı hədəfim ölkəmizi Fransada  keçiriləcək 51-ci Beynəlxalq Kimya Olimpiadasında uğurla təmsil etməkdir.  Təhsilimi dünyanın nüfuzlu universitetlərindən birində davam etdirmək gələcək planlarım içində ən mühüm yer tutur.

“Hədəfim Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanmaqdır

 

Abutalıb Namazov, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika  liseyinin X sinif şagirdi: -  2003-cü il aprelin 28-də Bakıda anadan olub. 2009-cu ildə 100 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. 2015-ci ildən isə  orta təhsilini Fizika-riyaziyyat və informatika  təmayüllü Respublika  liseyində  davam etdirib.   2016-cı ildə Bakı şəhəri üzrə  riyaziyyat fənn müsabiqəsində  birinci yerə,  2016-cı ildə Respublika fənn olimpiadasında informatika üzrə bürünc,  2017-ci ildə respublika fənn olimpiadasında informatika fənni üzrə qızıl, 2018-ci ildə respublika fənn olimpiadasında riyaziyyat üzrə qızıl medallara layiq görülüb.  2019-cu ildə  respublika fənn olimpiadasında informatika fənni üzrə qızıl medal qazanıb və eləcə də “Birincilərin birincisi”  nominasiyasında qalib olub. Bu illərdə beynəlxalq olimpiadalarda da uğurlar əldə edib.

 2017-ci ildə Avropa Yeniyetmələrin İnformatika Olimpiadasında bürünc, 2018-ci ildə Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında gümüş,  2018-ci ildə Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında  bürünc, 2019-cu ildə Beynəlxalq Jautıkov Olimpiadasında gümüş medal qazanıb. 

 -  Hələ aşağı siniflərdən bilik yarışları və olimpiadalara maraq göstərmiş və uğurlar qazanmışam. Sonrakı illərdə iki fənn üzrə Azərbaycanda yeganə olimpiada iştirakçısı kimi bir çox uğurlar qazanmışam.

 Hazırda ən böyük hədəfim Azərbaycanda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında uğur  qazanmaqdır. Bunun üçün  çox çalışıram.  Respublika fənn olimpiadası   bu il ADA Universitetində yüksək səviyyədə və İOİ (Beynəlxalq İnformatika Olimpiadası) sistemi üzrə keçirildi. Fikrimcə,  bu, böyük irəliləyişdir.  Gələcək hədəfim isə kompüter elmləri sahəsində təhsilimi davam etdirməkdir.

 

 

“İkinci dəfə “Birincilərin birincisi” oldum”

 

 

Ramil Cəbiyev, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi: - 2002-ci il iyunun  10-da Bakıda anadan olub.  2008-ci ildə 132-134 nömrəli təhsil kompleksinin I sinfinə daxil olub. İbtidai təhsil pilləsini  bitirdikdən sonra  2012-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin V sinfinə qəbul olunub. Kiçik yaşlarından riyaziyyata olan marağı onu  tez-tez müsabiqələrə sövq edib. Belə ki, 2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi “İstedad axtarışı” müsabiqəsində iştirak edib və birincilik qazanıb. 2014-cü ildə  yüksək nəticələrlə akademik Zərifə Əliyeva adına liseyin eksperimental siniflərinə qəbul olub.

 

-  Mən VII  sinifdən beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edirəm. Bu illər ərzində həm respublika, həm də beynəlxalq olimpiadalarda bir sıra nailiyyətlər əldə etmişəm. 3 qızıl, 5 gümüş, 4 bürünc medala layiq görülmüşəm.  Honkonq, Braziliya, Rumıniya, Makedoniya, Albaniya, Qazaxıstan, Bolqarıstan, Rusiya  və digər bu kimi ölkələrdə beynəlxalq olimpiadalarda  iştirakım mənə ölkəmin milli-mənəvi dəyərləri, adət-ənənələri ilə digər ölkə iştirakçılarını yaxından tanış etməyimə imkan yaradıb. 2016-cı ildə respublika fənn olimpiadalarında  “Birincilərin birincisi” adına  layiq görüldüm.  Mən çox xoşbəxtəm ki,  bu il  həmin nəticəni göstərərək  ikinci dəfə “Birincilərin birincisi” oldum.  Mənim üçün çox qürurvericidir ki, ölkəmi Beynəlxalq Riyaziyyat Olimpiadalarında təmsil edirəm və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıram.  Bu il keçirilən respublika fənn olimpiadası riyaziyyat fənni üzrə sualların özünəməxsus, orijinal olması ilə seçilirdi. Olimpiada, deyərdim ki, çox yüksək səviyyədə keçirildi. İştirakçılar gözəl hədiyyələrlə təltif olundu.

 Qarşıda məni iyul ayında İngiltərədə keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadası gözləyir. Hazırda Azərbaycan komandası olaraq intensiv şəkildə bu olimpiadalara hazırlaşırıq.  Ümid edirəm ki, bu olimpiadada komanda olaraq ölkəmizi layiqli şəkildə təmsil edəcək və Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Fürsətdən istifadə edib, bu illər ərzində mənə dəstək olan hər kəsə,  Təhsil Nazirliyinə,  valideynlərimə, müəllimlərə  öz təşəkkürlərimi bildirirəm. 

 

 

“Olimpiada mənim üçün çox uğurlu keçdi”

 

 Vüqar  Rufulla, Bakı şəhəri 261 nömrəli tam orta məktəb-liseyin XI  sinif şagirdi: - 2002-ci il yanvarın 6-da Bakı şəhərində anadan olub.  2008-ci ildə İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin 1-ci sinfinə qəbul olub.

 

- Respublikamızda hər il keçirilən fənn olimpiadalarının çox böyük əhəmiyyəti vardır. Belə müsabiqələr istedadlı şagirdlərin aşkar edilməsində böyük rol oynayır. Ancaq nailiyyət əldə etmək üçün çox çalışmaq lazımdır və mən də fənn olimpiadasına qatılmaq üçün öz üzərimdə çox işlədim. Uğura gedən yol çətin və şərəflidir və mən buna nail oldum. Olimpiada mənim üçün çox uğurlu keçdi. 2018-ci ildə tarix fənni üzrə qızıl medal qazanaraq “Birincilərin birincisi” nominasiyasına layiq görülmüşdüm. Bu il də uğurumu bir daha təkrarlayaraq yenidən “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Bu, məni sevindirir.

 Hədəfim hüquqşünas olmaqdır. Bunun üçün qəbul imtahanında iştirak etdim və 672 bal topladım.  Sonda  üzərimdə əməyi olan bütün müəllimlərimə dərin təşəkkürümü bildirirəm.