Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 12:05:00
Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya təlim səfəri təşkil olunub.

AzEdu.az xəbər verir ki, təlim səfərində Təhsil Nazirliyini və 3 ali təhsil müəssisəsini (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti) təmsil edən 7 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

Səfərin məqsədi kompetensiyalara əsaslanan təhsil proqramlarının hazırlanması, təlim nəticələrinin işlənməsi və ümumilikdə ali təhsil sisteminin Bolonya kontekstində inkişafı sahəsində həmin ölkələrdə mövcud təcrübə ilə yaxından tanışlıqdır.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Litvanın Təhsil, Elm və İdman Nazirliyi, Ali Təhsildə Keyfiyyətin Qiymətləndirməsi Mərkəzi, Vilnüs Universiteti və Vilnüs Gediminas Texniki Universitetində görüşlər keçirib, kompetensiyalara əsaslanan təhsilin həyata keçirilməsi sahəsində mövcud olan çətinliklər və əldə olunmuş nailiyyətlər barədə öz həmkarları ilə fikir mübadiləsi aparıblar.

Bundan başqa, nümayəndə heyətinin üzvləri Latviyanın Təhsil və Elm Nazirliyinə səfər edib, peşə, dövlət ali təhsil standartlarının kompetensiyalara əsaslanan yanaşmanı nəzərə almaqla işlənib hazırlanması sahəsində Latviya təcrübəsi ilə tanış olublar. Riqa Texniki Universiteti və Latviya Universitetinə səfər zaman isə kompetensiyalara əsaslanan yanaşmanın pedaqoji, texniki və təbiət elmləri üzrə təhsil proqramlarında tətbiqi ilə bağlı Latviya təcrübəsi öyrənilib.