Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 13:30:00
Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə 2018-ci ildə görülmüş işlər    

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir. Bu istiqamətdə 2018-ci il ərzində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən bir sıra fəaliyyət istiqamətləri üzrə aşağıdakı müvafiq işlər görülüb. 

AzEdu.az 2018-ci ildə Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə görülən işləri təqdim edir. 

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi

2018-ci ildə Azərbaycan təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilmiş, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi davam etdirilib. Belə ki, təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə təhsil müəssisələrinə 18,000 ədəd noutbuk verilib. Paylanılan avadanlıqların 27%-i Bakı şəhərinə, 73%-i isə rayonlara verilmişdir.  Qeyd edək ki, kompüter avadanlığının paylanılması ümumtəhsil müəssisələrində idarəedici heyət və İKT otaqlarının kompüter avadanlığı ilə təminatı üzrə normativlərə əsasən həyata keçirilir.

Təhsil Nazirliyi Azərbaycanın ən böyük daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirir. Belə ki, 2018-ci ildə 208 yeni təhsil müəssisəsi ADSL, 285 təhsil müəssisəsi simsiz rabitə xətləri, 65 təhsil müəssisəsi isə fiber optik rabitə kanalları vasitəsi ilə ATŞ-yə qoşulmuşdur. Ümumi ölkə üzrə 2746 təhsil müəssisəsi (fiber-optik qoşulma üzrə 206, simsiz qoşulma üzrə 694, ADSL qoşulma üzrə 1846) ATŞ-yə qoşulub. Onlardan 2403 təhsil müəssisəsi ümumi təhsil müəssisəsidir. ATŞ-yə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85%-nə və pedaqoji heyətin 73%-nə faizinə bərabərdir. Qeyd edək ki, ATŞ-yə qoşulmuş təhsil müəssisələri  intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından istifadə etmək imkanına malikdir. Eyni zamanda, ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. İndiyədək ATŞ-ə qoşulmuş təhsil müəssisəsi internet və intranetə çıxışla təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.

Eyni zamanda, bu istiqamətdə dövlət və özəl sektorların əməkdaşlığı imkanlarından istifadə olunur. Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzEduNet MMC və Enginet MMC tərəfindən imzalanmış memorandumlara uyğun olaraq, təhsil müəssisələri dayaq nöqtələri kimi istifadə olunaraq, yaşayış binalarına çəkilən fiberoptik bağlantı saylarının müəyyən qədəri keçdikdə həmin təhsil müəssisələri aylıq abünə haqqında azad olunurlar. Belə ki, “Enginet” şirkəti 2018-ci ilin iyun ayından 6 təhsil müəssisəsini fiber-optik internet xidmətinin abunə haqqından azad etmiş, 2019-cu ilin yanvar ayından əlavə olaraq 10 təhsil müəssisəsinin də abunə haqqından azad edilməsi nəzərdə tutulmuşdur. Bunlardan əlavə AzEduNet şirkətinin maliyyə hesabına 42, Enginet şirkətinin hesabına isə 37 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiberoptik bağlantı vasitəsi ilə qoşulmuşdur. Qeyd edək ki,  bu cür layihələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdəndir.

Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi. Təhsil Nazirliyi elektron resursların müasir təhsil sistemində aktuallığını nəzərə alaraq 2018-ci ildə bu istiqamətdə fəaliyyətini genişləndirmişdir. Belə ki, ümumilikdə 296 ədəd elektron resurs – lokallaşdırılmış 3D animasiyalı videolar və Khan Academy dərsləri, multimedia məzmunlu və qiymətləndirmə sistemli video dərslər, elektron dərsliklər hazırlanaraq Təhsil Nazirliyinin portallarında (www.e-derslik.edu.az, www.video.edu.az) yerləşdirilmişdir. Sözügedən portallardan bugünədək 4,288,185 dəfədən çox istifadə olunub.

Təhsil Nazirliyinin həyata keçirdiyi “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2018-2019-cu tədris ili ərzində Bakı şəhəri üzrə 65 və Gəncə şəhəri üzrə 6 ümumi təhsil müəssisəsi də (26 min şagird) layihəyə qoşulmuşdur. Layihə çərçivəsində hazırki dövrədək 230 kompüter otağı və 2500-ə yaxın kompüter istifadəyə verilmiş, internet şəbəkəsinə yüksək sürətli bağlantı ilə təmin olunub. Sözügedən layihə şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihələndirmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır.

Eyni zamanda, Bakı Ekspo Mərkəzində keçirilən XII Beynəlxalq Təhsil və Karyera Sərgisində təqdim olunan “Polyup” onlayn platformasını da xüsusi qeyd edə bilərik. “Polyup” layihəsi hesablama təfəkkürünü inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq olan oyun tipli təhsil platformasıdır. Platformanın riyaziyyat dərslərində pilot layihə olaraq tətbiqinə başlanılıb

2018-ci ildə 15 ümumi təhsil müəssisəsinin ibtidai və yuxarı sinif şagirdləri üçün sinif otaqları “Lego Education” təhsil robotları ilə təchiz olunmuşdur. Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 nəfər informatika və fizika müəllimləri təhsil robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təlimlərdən keçirilmişdir. Qeyd edək ki, texnika ilə təchiz olunmuş müəssisələrin sayı 20-yə çatdırılmışdır. Mövzu ilə əlaqədar məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə “First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına start verilmişdir. Yarışın məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması.

Təhsil Nazirliyi tərəfindən məlumatların mərkəzləşdirilmiş qaydada uçotunun təşkili, müasir informasiya kommunikasiya texnologiyalarının nailiyyətləri tətbiq olunmaqla elektron qaydada idarəedilməsi, habelə statistik təhlili məqsədi ilə bütün təhsil pillələri üzrə informasiya sistemləri yaradılır. Belə ki, ötən ildə “Məktəbdənkənar təhsil elektron platforması”, “Ali təhsil informasiya sistemi” və “Peşə təhsili informasiya sistemi” üzərində işlərə başlanılıb

Təhsil Nazirliyi daxilində məlumatların idarə olunması sistemləri yaradılmış və “Verilənlərin emalı (Business İntelligence) sistemi”nin 1-ci mərhələsi tamamlanmış və sistem istifadəyə verilmişdir. Təhsil müəssisələrində işçilərin əməkhaqqı və digər müavinətlərinin hesablanması və ödənilməsi, dərs yükünün tənzimlənməsi, kadr uçotunun aparılması, o cümlədən diaqnostik qiymətləndirmədən keçən və keçməyənlərin ayrı–ayrılıqda uçotunun aparılması, ştat cədvəllərinin tərtib edilməsi və müxtəlif növ hesabatların hazırlanması məqsədi ilə yaradılmış 1C proqram təminatının texniki imkanları genişləndirilib

Həmçinin, Təhsil Nazirliyinin xidmətlərində istifadə üçün sənəd qəbulu sistemləri yenilənib. Belə ki, Təhsildə innnovasiyalar üzrə qrant müsabiqəsinin sənəd qəbulu sistemi yenilənmiş, SABAH Qrupları üçün müəllim qəbulu portalı hazırlanmış və “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sistemi” yenilənib. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə sənəd qəbulu, ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarına sənəd qəbulu və  Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan liseylərin 5-ci sinfinə sənəd qəbulu elektron aparılıb

Həmçinin, müxtəlif dövlət qurumları sistemlərinin inteqrasiyası istiqamətində işlər görülüb. Təhsil Nazirliyinin elektron sistemləri “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi” “Tələbə-Məzun” bazası ilə inteqrasiya edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na əsasən Təhsil Nazirliyinin elektron xidmətlərinin Elektron Hökumət Portalına inteqrasiya olunması üçün hazırlıq işlərinə başlanılıb

Proqram təminatlarının lisenziyalaşdırılması. Azərbaycan təhsil sistemində istifadə olunan bütün “Microsoft Windows” və “Microsoft Office” proqram təminatları rəsmi lisenziyalaşdırılıb. Beləliklə, təhsil sistemində proqram təminatı təhlükəsizliyi təmin edilib.

Kadr potensialının gücləndirilməsi. Hər il olduğu kimi, 2018-ci ildə də Təhsil Nazirliyi tərəfindən İKT üzrə təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün ixtisasartırma və stajkeçmə xidmətləri təşkil olunub. Belə ki, ötən ildə 3275 nəfər müasir tədris strategiyaları, tədrisdə elektron resurslardan istifadə, layihə əsaslı öyrənmə metodikası və digər mövzular üzrə ixtisasartırma xidmətindən, 725 nəfər isə İKT-nin tədrisdə tətbiqi üzrə stajkeçmə xidmətindən keçib

Beynəlxalq layihələr

Beynəlxalq layihələr üzrə əməkdaşlığa gəlincə, Azərbaycan Respublikası və Çin Xalq Respublikası hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ümumi təhsil məktəblərinin İKT avadanlıqları ilə təchizatı üçün 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor və 20 ədəd masaüstü kompüter avadanlığı təhsil müəssisələrində istifadə üçün ianə edilib 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən Azərbaycanda 2016-ci ildən etibarən “eTwinning Plus” layihəsi reallaşdırılır. Layihənin məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Qeyd edək ki,  layihə çərçivəsində Azərbaycandan indiyədək 301 məktəbdən 803 müəllimin iştirakı ilə 865 təhsil layihəsi həyata keçirilib. 2018-ci il üzrə milli keyfiyyət nişanı almış layihələrin sayı 145-ə çatdırılıb. Layihədə iştirak edən müəllimlər üçün onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunub.  2017-ci ilin fevral ayında “eTwinning”-in Avropa mərkəzi layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında “eTwinning Məktəbi” müsabiqəsi elan olunub. Müsabiqədə məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, tədris prosesində yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticəsi olaraq, Azərbaycan layihəyə qoşulmuş 41 ölkə arasında, qalib olmuş məktəblərin sayına görə 5-ci yer tutub.