Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 14:38:00
Bu fənni öyrənərək özünüzü sevdirə bilərsiz-Dünya təhsilinin möcüzəsi

Dünya ölkələrindəki orta məktəblərdə tədris proqramı əyləncəli, yaradıcılıq tələb edən fənlərin olması ilə fərqlənir. Belə fənlər arasında teatr dərsləri də üstünlük təşkil edir. Hətta Almaniyanın orta təhsil müəssisələrində şagirdin müəllimlə ünsiyyəti zamanı belə onların aktyorluq və özünü ifadə etmə bacarıqları qiymətləndirilir.

AzEdu.az dünya ölkələrinin orta təhsil təcrübəsində tətbiq olunan teatr dərslərinin şagirdə qazandıra biləcəyi bacarıqları təqdim edir:

Teatr dərsləri şagirdin ictimaiyyət qarşısında danışmaq qabiliyyətini formalaşdırır. Ünsiyyət zamanı səsin nizamlanması, jest və mimikalar öyrədilir. Belə şagirdlər gələcəkdə özlərini daha yaxşı ifadə edə bilir, ətrafdakılara sevdirməyi bacarırlar. Ən gərgin situasiyalarda belə rol oynamaq bacarığından istifadə etməklə fikirlərini gizlədə bilir, qarşı tərəfi özlərinə inandırmağı bacarırlar.

Bu fənnin tədrisi komanda ilə işləmək bacarıqları formalaşdırır. Bacarıq gələcəkdə şagirdin müxtəlif önəmli layihələrdə qrup şəklində təmsil olunmasına şərait yaradır.

Teatr dərslərində iştirak edən şagirdlərə öz xarakterləri üzərində işləməyi öyrədir.  Belə məktəblilər hisslərini daha asanlıqla cilovlaya bilir, istənilən anlaşılmazlıqla üzləşdikdə səbrli davranmağı bacarırlar.

Teatr dərsləri uşaqaların özgüvənli böyüməsinə şərait yaradır.  Dərs zamanı müxtəlif hərəkətlərdən istifadə edildiyinə görə şagirdlər ictimaiyyət arasında daha güvənli davranır, yanlış etməkdən çəkinmirlər.

Orta məktəblərdə bu fənnin tədrisi şagirdə öz səhvlərini görmək və üzərində çalışmaq bacarıqlarını inkişaf etdirir.

Bu dərslərdə iştirak edən şagirdlər həm də, istədiklərini reallaşdıra bilmədikdə ümidsiz davranmır, daha inadla hərəkət edə bilirlər. Çünki gündəlik dərs zamanı keçirilən tamaşalarda istədiyi rolu ala bilməyən uşaqlar xəyallarını başa bir obrazda daha əzmlə reallaşdırmağı yaxşı bacarırlar.

Şagird digər fənlərdən dərsə hazır olmadıqda ya aşağı qiymət alır, ya da növbəti dəfə cavab vermə şansı qazanır. Teatr dərsləri isə şagirdə rolu canlandırmağa hazır olmadıqda vəziyyətdən necə çıxmağı öyrədir. Beləcə bu şagirdlər istənilən situasiyadan çıxış yolunu tapa bilirlər.

Teatr dərsləri həm də şagirdlərin oxuma və əzbər bacarıqlarını inkişaf etdirir. Rolu ifa edərkən keçirdiyi həyəcana baxmayaraq mətni unutmaması şagirdin yaddaşına da müsbət təsir göstərir.

Teatr dərslərindən müsbət qiymətləndirilmək üçün fiziki hərəkətlər də mühümdür. Bu isə şagirdlərin daha sağlam və fiziki cəhətdən aktiv olmasına gətirib çıxarır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları