Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 12:00:00
Plagiatlıqla məşğul olan şəxs 2 il həbs və 4 min manatadək cərimə oluna bilər - Hüquqşunas

“Cinayət Məcəlləsinin 165-ci maddəsinə görə, müəllif hüququ obyektlərindən qanunsuz istifadə etmə, elmi-bədii və ya başqa əsərləri öz adıyla nəşr etdirmə, özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə və bu əməllər nəticəsində müəllifə 1000 manatdan artıq miqdarda ziyan vurma kimi hallar baş veribsə, cinayəti törədən şəxs 1000 manatdan 2000 manata qədər cərimə edilə bilər.Eyni zamanda 320 saatdan 480 saatadək ictimai işlərlə(dövlətin hesabına, haqq ödənmədən görülən işlər,məsələn, küçə süpürmək) cəzalandırıla bilər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Vəkillər Kollegiyasının üzvü Anar Ramazanov deyib. Onun sözlərinə görə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əsasən, kimsə başqasının kitabını öz adından dərc edərək ondan gəlir götürərsə, müəllifin o kitabları dövriyyədən yığışdırılmasını və bunla bağlı özünə dəymiş zərərin ödənməsini tələb etmək hüququ var:

“Bəs hansı hallarda cinayət məsuliyyəti yarana bilər? “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqda qanunlar bir-birlərini tamamlayırlar. Sahibinin razılığı olmadan hazırlanan, yaxud yayılan kitab nüsxələri pirat məhsul sayılır. Cinayət Məcəlləsinin 165-ci maddəsinə görə, müəllif hüququ obyektlərindən qanunsuz istifadə etmə, elmi-bədii və ya başqa əsərləri öz adıyla nəşr etdirmə, özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə və bu əməllər nəticəsində müəllifə 1000 manatdan artıq miqdarda ziyan vurma halları baş veribsə, cinayəti törədən şəxs 1000 manatdan 2000 manata qədər cərimə edilə bilər. Eyni zamanda 320 saatdan 480 saatadək ictimai işlərlə(dövlətin hesabına, haqq ödənmədən görülən işlər,məsələn, küçə süpürmək) cəzalandırıla bilər”.

Anar Ramazanov müəlliflik hüququ təkrar pozularsa, cinayəti törədən şəxsin daşıdığı məsuliyyət barədə də danışıb:

“Eyni əməllər təkrar olaraq həmin şəxs və ya dəstə tərəfindən törədilərsə, bu halda onlar 2000 manatdan 4000 manata qədər cərimə, 2 ilədək müddətdə islah işləri, 2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqladan məhrumetməylə cəzalandırıla bilər.

Müəllifin müəllif kimi tanınmaq, qanunsuz əsərin dövriyyədən yığışdırılmasını tələb etmək, əsərdən öz adıyla istifadə etmək, əsərin məzmununun dəyişdirilməsi, müəllifin şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə qarşı çıxmaq, nüsxələri istifadədən götürməkdə daxil olmaqla, əsərin istənilən formada açıqlanmasına icazə vermək kimi hüquqları var.

İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsində müəlliflik hüququnu pozmağa görə dəymiş ziyan az miqdarda, yəni 1000 manata qədər olduqda pirat nüsxələr və onların hazırlanmasında, yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, 80 manatdan 150 manata qədər məbləğdə cərimə nəzərdə tutulub. İnzibati qərar çıxarsa, müəllif bu qərarla əlavə olaraq məhkəmədə iddia qaldırıb özünə dəymiş maddi və mənəvi zərəri tələb edə bilər”.

Xatırladaq ki, dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi  “İzahlı dilçilik terminləri lüğəti”  kitabının plagiat olması ortaya çıxıb.  Sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri”  və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürdükləri  barədə xəbərlər yayılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları