Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 11:14:00
"Şagirdlərə "iqtisadiyyatın əsasları"fənni məcburi tədris olunmalıdır"- İqtisadçıdan İRAD

“Yuxarı sinif şagirdlərinə "İqtisadiyyatın əsasları" dərsi məcburi fənn kimi tədris olunmalı, şagirdlər də bu proqramla vergi işini mənimsəməlidirlər”

AzEdu.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu şəxsi feysbuk hesabında paylaşıb.O, Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı yaranan qarışıqlığın aradan qaldırılmasında maarifləndirmənin önəmindən söz açıb:

“Milli Məclisin dünən keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə olunaraq təsdiqlənib. Lakin, hələ də mətbuatda bununla bağlı ziddiyyətli şərhlər davam edir. Bunun əsas səbəblərindən biri cəmiyyətin iqtisadi biliklərinin azlığıdır”.

İqtisadçının sözlərinə görə, bu bilikləri ilk növbədə orta məktəblər verməlidir:

“Yuxarı sinif şagirdlərinə "İqtisadiyyatın əsasları" dərsi məcburi fənn kimi tədris olunmalı, şagirdlər də bu proqramla vergi işini mənimsəməlidirlər. Hesab edirəm ki, bu problemi Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə birgə daha tez həll edə bilər. Yeri gəlmişkən, Təhsil Nazirliyi bu sahədə Vergilər Nazirliyinin əməkdaşı olan, akademik Akif Musayevin təcrübəsindən yararlana bilər”.

Xatırladaq ki, Milli Məclisin  30 noyabrda keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. 

Müzakirələrdən sonra Vergi Məcəlləsinə dəyişiklik II və III oxunuşda səsə qoyularaq, qəbul olunub. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları