Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 15:30:00
Əjdər Ağayev tələbələrin çiynində son mənzilə yola salındı - FOTOLAR  

BMU-da Əjdər Ağayevlə vida mərasimi keçirilib.

Universitetin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan pedaqogikasının böyük nümayəndəsi, şair, nasir, publisist, tənqidçi, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, Bakı Mühəndislik Universitetinin professoru Əjdər Ağayevlə vida mərasimi keçirilib.

BMU-da keçirilən vida mərasimində mərhumun ailə üzvləri, universitetin müəllim tələbə heyəti ilə yanaşı Təhsil Nazirliyinin, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Təhsil Nazirinin müavini Firudin Qurbanov, BMU-nun rektoru, professor Havar Məmmədov, APU-nun rektoru, professor Cəfər Cəfərov və ictimaiyyət nümayəndələri Əjdər müəllimin yüksək insani keyfiyyətlərindən, Azərbaycan elminə və təhsilinə töhfələrindən danışaraq vəfatının Azərbaycan elmi və təhsili üçün ağır itki olduğunu və əziz xatirəsinin daim yaşayacağını vurğulayıblar.

Bildirilib ki, Əjdər Ağayev pedaqogikanın nəzəri-metodoloji məsələlərinin də tədqiqi ilə məşğul olub, xüsusilə, pedaqoji elmin anlayış-terminologiya sisteminin, təlim-tərbiyənin metodlarının təkmilləşdirilməsi ilə bağlı dəyərli fikirlər söyləyib, “Pedaqogika terminlərini dəqiqləşdirmək vacibdir”, “Tərbiyənin metodları”, “Tərbiyənin prinsipləri və onların təlim-tərbiyə prosesində reallaşdırılması”, “Müasir dərs necə olmalıdır” kimi yüksək elmi-nəzəri əhəmiyyət daşıyan məqalələr yazıb.

Elmi xidmətləri ilə Azərbaycan pedaqogika elminin son dövr tarixinə daxil olan professor Əjdər Ağayevin elmi-pedaqoji irsində məktəb və pedaqogika tarixinin öyrənilməmiş və ya az araşdırılmış məsələlərinin tədqiqi, tərbiyə nəzəriyyəsi və təcrübəsinin ümumiləşdirilməsi, təlim-tərbiyənin prinsip və metodlarının təkmilləşdirilməsi, təhsilin yeni məzmununun müəyyənləşdirilməsi, pedaqoji biliklərin geniş təbliği və digər məsələlər geniş yer tutur. O, ilk dəfə olaraq XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərini müəyyənləşdirərək təhlilini verib.

Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən qızı Ülviyyə Ağayeva atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Əjdər Ağayev 1937-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Azərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Şurasının sədri , Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Araz” ali ədəbi və “Qızıl qələm” media, akademik Mehdi Mehdizadə mükafatı laureatı, Beynəlxalq Dünya Sülh Federasiyasının “Sülhün səfiri” diplomunun sahibidir. 

Onun mənalı ömrü, zəngin təcrübəsi gənc tədqiqatçılar üçün dəyərli örnəkdir.

Allah rəhmət eləsin !

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları