Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 16:50:42
Müəllimlərin imtahanından zəif nəticə göstərənlər, sertifikasiyada uğur qazana bilərlər” -SƏBƏB  

“Əgər sırf müəllimlərin ixtisas üzrə bilikləri yoxlanılacaq və bu nəticələrə görə addım atılacaqsa, sertifikasiya  istənilən effekti verməyə bilər”

Bu sözləri AzEdu.az-a açıqlamasında Quba Rayon Təhsil şöbəsinin nümayəndəsi Qələmşah Dostuyev deyib.

O, müəllimlərin sertifikasiyası tətbiq olunarsa, baş verəcək dəyişikliklər barədə danışarkən maraqlı mülahizələr irəli sürüb.   Təhsil işçisinin fikrincə, hazırda bunun təhsilverənlərin keyfiyyət göstəricilərini nə dərəcədə yüksəldəcəyi haqda dəqiq fikir söyləmək mümkün deyil:

Bu halda sertifikasiya istənilən nəticəni verməyə bilər...

“Çünki prosesin detalları barədə tam məlumatlı deyilik.  Sertifikasiyanın hansı formada təşkil  ediləcəyi, əsas meyarların nədən ibarət olacağı bilinmir. 

Əgər sırf müəllimlərin ixtisas üzrə bilikləri yoxlanılacaq və bu nəticələrə görə addım atılacaqsa, sertifikasiya  istənilən effekti verməyə bilər”.

O, cavabını rayon məktəblərinin birində apardığı araşdırmanın nəticələri ilə əsaslandırıb:

“Bu yaxınlarda bəzi nəticələri analiz etmiş, sosial şəbəkə hesabımda paylaşmışdım. Qubanın kənd məktəblərinin biri müəllimlərinin diaqnostik göstəriciləri aşağı olduğu halda, neçə ildir ki, rayonda ən yüksək nəticələrdən birini göstərir. Yəni, müəllimin ixtisas biliyinin yüksək olduğunu əsas gətirərək, onun yaxşı müəllim olduğunu söyləmək mümkün deyil.

Müəllim ixtisasını bilməklə bərabər, yaxşı motivator, bələdçi, natiq, diplomat və psixoloq bacarıqlarına sahib şəxs olmalıdır. Çünki o, birbaşa insanla işləyir.  İşlədiyi şəxslər isə hələ formalaşmaqda olanlardır”.

“Yalnız ixtisasını bilməklə hədəfə çatmaq mümkün deyil”

“Müəllimi ordu komandanı ilə müqayisə etmək olar. Hesab edək ki, hansısa komandan əla hərbi biliklərə malikdir. Amma ordunu motivasiya edə, qələbəyə inandıra və lazımi anda qərar qəbul edə bilmir. Üstəlik cəsarətsizdir. Təbii ki, bu halda qələbəni əldə etmək, hədəfə çatmaq mümkün olmayacaq. Müəllim də belədir. Yalnız ixtisasını bilməklə hədəfə çatmaq mümkün deyil”.

Onun sözlərinə görə, sertfikasiyanın hansı formada aparılmasından çox şey asılı olacaq:

“Müşahidə etdiyim qədərilə, əksər müəllimlərin ixtisas biliklərindən daha çox dərs prosesinin təşkili ilə bağlı problemləri var.

Sertifikasiyada ixtisas biliklərindən əlavə, müəllimlərin nitq, ünsiyyətqurma bacarığı, idarəçilik, kollektivlə iş, psixoloji biliklər və s. kimi qabiliyyətləri də nəzərə alınmalıdır. Çünki, yaxşı müəllim profili bu kimi qabiliyyətləri özündə birləşdirə bilən şəxslərdən yaranır.

Ümumilikdə isə sertifikasiyanın təsirinin müsbət olacağını deyə bilərik. Ən azından müəllimlər öz üzərində işləməyə məcbur olacaq, bilik və bacarıqlarını artıracaqlar”.

Qeyd edək ki, sertifikasiya qaydaları tam olaraq açıqlanmasa da, bəzi detallar məlumdur. İlkin məlumatlara əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə  çalışan qadınların, uşağını təkbaşına böyüdən kişilərin sertifikasiyası keçirilmir. İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də, azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları