Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-01 11:45:00
Əllidən çox kollecin yalnız üçü, dördü normal təhsil verir

“7-8 ildən sonra Azərbaycanda müəllimlik fəaliyyəti üçün magistratura pilləsi tələb oluna bilər”

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) deyib.

 

“Son illərə qədər orta ixtisas təhsil müəssisələrində pedaqoji yönümlü kadr hazırlığı həyata keçirilirdi. Burada ibtidai sinif müəllimliyi, o cümlədən, məktəbəqədər təlim-tərbiyə, həmçinin, lap əvvəllər xarici dil, eləcə də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə tədris aparılırdı. İndi isə yalnız məktəbəqədər təlim-tərbiyə, təsviri incəsənət müəllimliyi, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasları orta ixtisas təhsil müəssisələrində tədris edilir. Bu ixtisasların kolleclərdə qalmasının tərəfdarı deyiləm. Şəxssiyətlərin hazırlığının ilkin təməli əgər təhsil müəssisəsində qurulursa, o halda bütün pedaqoji heyət daha çox bilik və bacarıqlara sahib olmalıdır. Ona görə də orta ixtisas təhsili yox, bakalavr təhsili lazımlıdır. Çünki 2-3 il ərzində hər hansısa bir ixtisas üzrə pedaqoji təhsili mənimsəyib, məzun olub sonra əmək fəaliyyətinə başlamaqla nəyisə əldə etmək o qədər də uğurlu olmur. Biz bunu keçirilən sertifikasiya imtahanlarında da görürük ki, əksər orta ixtisaslı müəllimlər aşağı nəticə əldə ediblər. Düzdür, istisnalar var. Öz üzərində çalışıb, özünü inkişaf etdirən müəllimlər mövcuddur ki, onların nəticələri uğurludur. Ancaq bunlar çox az saydadır, barmaqla sayılacaq həddədir.

 

Bu fikrin həm də ona görə üstündə dururam ki, bizdə kolleclərdə verilən təhsilin keyfiyyətini hər birimiz çox yaxşı bilirik. Ölkəmizdə 50-dən çox kollec fəaliyyət göstərir ki, bunlardan 3-4-ü normal təhsil verə bilir. Amma qalanlarında təəssüflər olsun ki, xoşagəlməz hallar baş verir. Biz bunu kollec rəhbərlərinin yaxud əməkdaşlarının vəzifədən azad olunmasında görə bilirik”.

 

Ekspert bildirib ki, dünyanın əksər ölkələrində, xüsusən də təhsil sahəsində inkişaf etmiş ölkələrdə məktəblərdə işləmək istəyən şəxslərə təkcə bakalavr təhsili kifayət etmir:

 

“Magistratura pilləsini bitirən şəxslərin prosesdə iştirak etməsi daha yüksək hesab olunur. Düşünürəm ki, 7-8 ildən sonra bizdə də bu proses tətbiq oluna bilər. Beləcə  təhsildə sağlam mühit formalaşdıra bilərik. Xüsusən də məktəbəqədər təlim-tərbiyə ixtisasını kolleclərdən yığışdırıb, yalnız ali təhsil müəssisələrində kadr hazırlığı keçirmək lazımdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universitetində, eləcə də Azərbaycan Dillər Universitetində  bu istiqamətdə kadr hazırlığı həyata keçirilir. Düşünürəm ki, kolleclərdə olan bu ixtisaslar götürülməli və universitetlərə həvalə olunmalıdır. Çünki məktəbəqədər təlim-tərbiyə, o cümlədən, ibtidai sinif müəllimliyi də bizim üçün vacibdir və strateji təhsil pilləsidir. Yalnız ali təhsilli şəxslər müvafiq olaraq pedaqoji fəaliyyətinə icazə verilməlidir. Düşünürəm ki, bu barədə artıq rəsmi qərar veriləcək”.