Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 14:58:00
Yaponiyada Azərbaycan haqqında kitab çap olunub

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, konfliktoloq Əlibəy Məmmədovun “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı kitabı çap olunub.

AzEdu.az-ın məlumatına görə, kitabda Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbərinin müavini Hikmət Hacıyev, Azərbaycan Turizm Assosasiyasının prezidenti Nahid Bağırov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadiyyat nazirinin müavinin Rüfət Məmmədov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, eləcə də Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetinin professorları, yapon dilli tələbələr və bir sıra media nümayəndələrinin müsahibələrinə yer verilib.

Kitab ümumilikdə 8 bölmədən ibarətdir. Birinci bölmədə Azərbaycanın tarixi, adının mənası, ölkənin birinci xanımı Mehriban Əliyevanin timsalında cəmiyyətimizdə qadının rolu, ona olan hörmət, digər müsəlman ölkələri ilə müqayisədə Azərbaycan cəmiyyətində kişilərlə çiyin-çiyinə çalışan, tam bərabər hüquqlara malik qadınların həm siyasi həyatda, həm də iş həyatında fəallığı, ölkəmizin turizm potensialı haqda geniş məlumat verilib. Turizm sahəsinə Nahid Bağırovun müsahibəsinə geniş yer verilib, yaponiyalı qonaqlar üçün məsləhət verilən turistik məkanlar göstərilib.

Kitabın ikinci bölməsində turistik məkanlar haqqında geniş məlumat verilib. Azərbaycana turist axınına diqqət yetirilib, təkcə yaponiyalı turistlərin sayının son 3 ildə 60 faiz artdığı qeyd edilib.

Üçüncü bölmədə Azərbaycan-Yaponiya əlaqələrinə həsr edilib. Bölmə əsas etibarilə Hikmət Hacıyevin müsahibəsi əsasında yazılıb. Qeyd olunub ki, Azərbaycanın yaponiyasevər olmasının birinci əsas səbəbi ölkələrimiz arasında olan mədəniyyət və dəyərlərin oxşar olmasıdır.

Kitabın dördüncü bölməsi Azərbaycanın iqtisadi vəziyyətinə həsr edilib. Bu hissədə istifadə edilmiş əsas məlumatlar 2016-cı il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən götürülüb.

İqtisadiyyat bölməsində xüsusi diqqət inkişaf dövrü adlandırılan 2004-2010-cu illərə verilib. Dövr üzrə iqtisadiyyatın orta artım sürəti 16,9 faiz olub. 2010-2014-cü illər ərzində neft sektorunda 2,9 faizlik geriləmə olduğu halda, qeyri-neft sektorunda artım qeydə alınıb. Bu isə uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilib. İqtisadiyyata əsas dəstək sahəsi kimi kənd təsərrüfatı və turizm göstərilib.

Beşinci bölmədə Azərbaycanın yaponiyalı iş adamları üçün uğurlu bazar olması konkret faktlarla göstərilib. Bakıdakı “Ağ Şəhər” və “Xəyal adası” layihələri ilə bağlı məlumatlar verilib, yaponiyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına investisiya yatırımları etməsi üçün çağırışlar edilib.

Altıncı bölmə ölkənin kənd təsərrüfatına, “Made in Azerbaijan” brend məhsullarının izahına və təbliğatına həsr olunub.

Kitabın yeddinci bölməsində Azərbaycanda nəqliyyat sektoruna, sonuncu bölmədə isə milli mətbəxə yer ayrılıb.

Kitabın yazılmasında əsas məqsəd Yaponiyada Azərbaycanla bağlı doğru məlumatların, ölkənin cəlbedici sahələrinin, biznes potensialının yaponiyalı oxuculara çatdırılması, Azərbaycana maraq göstərən yaponiyalı iş adamlarının bir araya gətirilməklə ölkəmizə investisiya turlarının təşkili, nəticə etibarilə Azərbaycan-Yaponiya biznes əlaqələrinin inkişafı vasitəsilə, iki ölkə arasında güclü iqtisadi inkişafa nail olmaqdan ibarətdir.

Kitab “Amazon.com” internet-mağazada iqtisadi əməkdaşlıq kateqoriyası üzrə satışlarda ilk yerdə qərarlaşıb. Bu fakt yaponiyalılar arasında Azərbaycana marağın göstəricisidir.

Qeyd edək ki, təxminən 1 il ərzində yazılan kitab yaponiyalı iş adamı Taniquçi Hirokazunun maliyyə dəstəyilə işıq üzü görüb.