Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 09:30:35
"Yeniliklərlə bağlı detalların gecikdirilməsi haqsızlıqdır"-Ekspert yeni qəbul qaydalarından danışdı

“Məlumatsızlıq abituriyentin buraxılış və qəbul imtahanına hazırlaşmasına mənfi təsir edir. Bir məqamı da nəzərə alaq ki, məlumatların və yeniliklərin vaxtında verilməməsi müəllimlər üçün abituriyentlərə lazımı biliyi, bacarığı və vərdişi formalaşdırmaq imkanlarını məhdudlaşdırır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, yeniliklərlə bağlı məlumat ya gec verildi, ya da verilmədi:

"Buraxılış imtahanları mart, ən geci aprel ayında baş tutacaq. Bu halda buraxılış imtahanlarına çox az vaxt qalır. Sual modellərinin, hesablanma qaydalarının, tədris proqramlarının hələ də ictimaiyyətə elan olunmaması yumşaq şəkildə desək, haqsızlıqdır. Görünən budur ki, DİM yeniliklərin tətbiqi ilə bağlı hazırlığını son ana saxlayıb. Belə olduqda yeniliklərin tətbiqi, bu haqda məlumatın verilməsi, yeniliklərə hazırlıq cəmiyyət tərəfindən minimum səviyyədə hiss olunur. Əlbəttə ki, bu məlumatsızlıq abituriyentin buraxılış və qəbul imtahanına hazırlaşmasına mənfi təsir edir. Bir məqamı da nəzərə alaq ki, məlumatların və yeniliklərin vaxtında verilməməsi müəllimlər üçün şagirdlərə - abituriyentlərə lazımı biliyi, bacarığı və vərdişi formalaşdırmaq imkanlarını məhdudlaşdırır".

Elxan Nəcəfovun fikrincə, nəşr edilən vəsaitlər yeniliklərə vərdiş yaratmaq üçün əhəmiyyətsiz oldu:

“Qəbul imtahanlarına hazırlıq üçün əlavə vəsaitlər önəmli rol oynayır. Uzun illərdir ki, qəbul imtahanlarına hazırlıqda önəmli kömək olan TQDK (DİM) nəşrləri çap olunurdu. Çox təəssüf ki, bu il üçün çap olunan vəsaitlər qəbul imtahanı üçün hazırlığa önəmli təsir edə bilmir. Köhnə imtahan modellərinə uyğun hazırlanan test topluları isə bu mövzuda bir addım irəli, iki addım geri effekti yaratdı. Həmin test topluları ənənəvi dərslikləri əhatə etdi və içərisində heç bir yeni model tapşırıqları özündə ifadə edə bilmədi. Xüsusilə ədəbiyyat və tarix fənlərindən heç bir əhəmiyyəti olmayan test toplusu satışa çıxarıldı. Vətəndaşın bu vəsaitlərə olan inamında xeyli toplu satıldı. Satılan həmin topluların yeni imtahan üçün biliyi yoxlamaqda, imtahan vərdişlərini formalaşdırmaqda olduqca əhəmiyyətsiz olacağı aşkardır”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları