Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 11:39:00
Kurikulum dərsliklərində Tarix fənni ilə bağlı ciddi nöqsanlar var – Müəllim faktlarla sadaladı

“Ənənəvi tarix  dərslikləriylə  kurikulum əsasında hazırlanan dərsliklər ziddiyyət təşkil edir. Kurikulum dərsliklərində isə aşağı siniflərlə yuxarı siniflərdəki hadisələr bir-birini inkar edir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Tarix  müəllimi Səbuhi Kamal deyib. Onun sözlərinə görə, bu ziddiyyətlər şagirdlərin suallarına cavab verə bilməməyimizə səbəb olur:

“Tarix fənni üzrə bir sıra sıxıntılarla rastlaşırıq. Məsələn, illərdir, Alban hökmdarı, Arşaki nümayəndəsi Urnayrın 343-371-ci illərdə hakimiyyətdə olduğunu keçmişik. Yeni dərsliklərdə isə Urnayrın hakimiyyət illəri 313-371 kimi qeyd olunub. Məni bir sual düşündürür. Ənənəvi dərsliklərdə illəri 343-371 qeyd edənlər  bunu bilmirdilər?! Bilirdilərsə, niyə bu yanlışlığa göz yumurdular?”.

Səbuhi Kamalın fikrincə, yalnız bu hadisədə deyil, bir çox faktlarda dəyişiklik edilib:

“X və XI sinif dərslikləri aşağı siniflərin təkrarı olaraq qeyd olunub. Amma aşağı siniflərdə hadisə başqa cür, yuxarı siniflərdə bir başqa cür əksini tapıb. Tez-tez şagirdlərimiz  sual verir və bir-birinə əks olan hadisələrlə bağlı onlara cavab verə bilmirik”.

Müsahibimizin tarix dərsliklərindəki ziddiyyətlərə dair təqdim etdiyi bir neçə nümunəni diqqətə çatdırırıq:

Ktesifon döyüşünün ənənəvi dərsliklərdə 638, yeni dərsliklərdə 637-ci ildə baş verdiyi yazılıb.

Araz çayı sahilində döyüş ənənəvidə 665, yenidə 664-665-ci illərdə baş tutub.

Albaniyanın sonuncu hökmdarı Şəuriyyə olaraq bilsək də, yeni dərsliklərdə Varaz Trdat kimi verilib.

Xalqların böyük köçü VII sinif dərsliyində IV-VI , X sinif dərsliyində IV-VII əsrləri əhatə edir.

VII sinif dərsliyində Atillanın 452-ci ildə Roma papası III Leo ilə, X sinif dərsliyində isə I Leo ilə görüşdüyü qeyd olunub.

Moğol süqutu VII sinif dərsliyində 1857-ci il olaraq göstərilib. X sinifdə isə süqut tarixi 1761-ci il olaraq verilib.

Səbuhi Kamal qeyd edib ki, siyahını biraz da uzatmaq olar. O, ənənəvidə öyrədilən bir çox hadisənin kurikulum sistemində dəyişdirilməsindən narazıdır.

Xatırladaq ki, 2019-cu ildə qəbul imtahanları kurikulum standartları əsasında keçiriləcək. Tarix dərsliklərində ziddiyyətlər çox olduğuna görə, DİM-in eskperti həmin mövzuların qəbul proqramına daxil edilməyəcəyini açıqlayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları