Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 14:56:03
Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında geniş məqaləsi Türkiyədə Ərzurum Atatürk Universitetinin “Doğu esintileri” beynəlxalq indeksli jurnalında çap olunub. Bu jurnal Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) bazasına daxildir.

 

Bu barədə AzEdu.az-a Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov məlumat verib.

 

“Nizami Gəncəvinin “Xəmsə”si insani dəyərlər konsepsiyasıdır” sərlövhəli məqalədə dahi şairin yaradıcılığının başlıca mahiyyətinin insanlığa sevgi olduğu onun əsərlərindən nümunələr əsasında təhlil edilib. Bildirilib ki, dahi Azərbaycan mütəfəkkiri əsərlərində dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlığa əbədi sevgi bəsləyib. Nizami Gəncəvi elə bir bəşəri insan olub ki, dünyanın bütün xalqları özünü onun əsərlərində tapa bilir, görə bilir. Bu, dahi şairin mənsub olduğu türk boyundan və Azərbaycan xalqının tolerantlığından, multikultural ənənələrindən irəli gəlir.

 

“Nizami Gəncəvi yaradıcılığında əxz olunan multikultural dəyərlərin bu sahədə kasadlıq yaşayan müasir dünyaya bir model olaraq təqdim etməyimiz üçün qarşımızda daha geniş imkanlar açılıb ki, bunun da ən önəmli faktoru Azərbaycanda Nizami Gəncəvi şəxsiyyətinə, dühasına, irsinə dövlət səviyyəsində diqqət və marağın olmasıdır”, - yazan müəllif Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edildiyini, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli elan edildiyini xatırladıb.

 

Məqalədə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edildiyi xatırladılıb, ümumən nizamişünaslıq tarixində ilk dəfə olaraq dahi şairin bəşəri ideyalarını bütün dünyaya car çəkən bu Mərkəzin əsas fəaliyyət istiqamətlərinə diqqət çəkilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2013-cü ildən etibarən təşkil etdiyi Qlobal Bakı forumları dünyanın, insanlığın üzləşdiyi qlobal problemlərin həllinə istiqamətləndiyi kimi, eyni zamanda, dahi şairin mənsub olduğu Azərbaycan xalqının bəşəri, multikultural dəyərlərini dünya xalqlarına örnək, nümunə kimi təqdim etməyi qarşısına məqsəd qoyub.