Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 10:42:21
Magistraturadan yüksək bal toplayan tələbə : “İnsanın özündən çox şey asılıdır” 

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-i keçirilmiş I cəhd qəbul imtahanının yekun nəticələri elan edib.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə  Azərbaycan Dövlət İqtisadi Universiteti (UNEC)  IV kurs tələbəsi Sübhan Əlizadə 96 bal toplayıb.

 

O, Beynəlxalq münasibətlər fakültəsində maliyyə ixtisası üzrə təhsil alır.

 

Sübhan Əlizadə AzEdu.az-a öz təəssüratlarını bölüşüb.

 

-Sübhan bəy, imtahana hazırlaşdığınız mərhələdə ən böyük dəstəkçiləriniz kimlər olub?

 

-Yüksək nəticə toplamağımda ilk növbədə müəllimlərimə minnətdarlığımı bildirirəm. Magistura müəllimlərim Məntiq üzrə - Raqif müəllim, İnformatika üzrə - Sabir müəllim, İngilis dilin fənnindən isə Bəhruz müəllimin əziyyəti böyükdür.

 

Eyni zamanda düşünürəm ki, müəllimlərin həm tələbələrə, həm də dərslərə qarşı münasibəti və yanaşma tərzi, eyni zamanda mövzuları izah etmək üçün istifadə etdikləri metodlar nəticənin yüksək olmasında effektiv oldu.

 

-Təhsilinizlə bağlı gələcək üçün hansı planlarınız var?

 

-Təhsilimi xaricdə davam etdirmək barəsində düşünürəm. Lakin bununla bağlı yekun qərarımı verməmişəm. Düşünürəm ki, bir neçə ay ərzində daha ətraflı şəkildə analiz edərək gələcək istiqamətimi müəyyənləşdirəcəm. Daha da yaxşı düşünərək ümid edirəm ki, doğru qərar verə biləcəm.

 

-Yüksək bal toplamış bakalavr kimi, gənclərə tövsiyələriniz nədir?

 

-Hesab edirəm ki, insanın özündən çox şey asılıdır. Bunun üçün əzmlə, çox çalışmaq lazımdır. İstər valideynim, istər müəllimlərim bu proses boyunca mənim yüksək nəticə göstərə bilməyim üçün ən yaxşı şəraitin yaradılmasında böyük rol oynadılar. Hər birinin rolu danılmazıdır.