Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 09:22:40
İlk dəfə Laçında imtahan verənlərdə məsuliyyət hissi var idi

Martın 10-da ilk dəfə işğaldan azad olunan torpaqlarımzda - Füzuli rayonu Mirzə Uluqbəy adına 1 N-li tam orta məktəb, Laçın şəhəri 2 N-li tam orta məktəb, Laçın rayonu Zabux kənd tam orta məktəbi və Zəngilan rayonu Ağalı kənd tam orta məktəblərində imtahan həyata keçirildi.

 

İmtahanın idarə olunmasında 4 imtahan rəhbəri iştirak edib. Onlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini Elçin Süleymanovdur.

 

O, təəssüratlarını AzEdu.az-a bölüşüb.

 

İmtahan rəhbəri E.Süleymanovun arzusu işğaldan azad edilmiş torpaqlarda keçirilən imtahanda iştirak etmək olub:

 

“Uzun illərdir ki, Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir, imtahan rəhbəri kimi iştirak edirəm. İşğaldan azad olunmuş ərazilər xaric Azərbaycanın bütün regionlarında təşkil olunan imtahanlarda iştirakım mümkün olub. Ən böyük arzum idi ki, azad olunmuş ərazilərdə keçirilən imtahanlarda iştirak edim. Sevindirici haldır ki, belə bir dəvət gəldi və böyük məmnuniyyətlə həmin dəvəti qəbul etdim.

 

İşğaldan azad olunmuş 4 ərazidə təşkil edilən imtahanlarda iştirak etdim. Bu Fizuli rayonunda, Horadiz qəsəbəsi və Laçın şəhərdəki 2 nömrəli tam orta məktəbdə keçirilən imatahan idi. Burada Horadiz qəsəbəsi və Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə Dövlət İmtahan Mərkəzi ilə bərabər hərəkət etdik. Bu imtahanda olmaqdan təbii ki, qürur hissi keçirirdim”.

 

Həmsöhbətimiz bildirib ki, şagirdlər tam hazırlıqlı və böyük həvəslə iştirak ediblər:

 

“Şəhidlərimizin qanı bahasına, Cənab Ali Baş Komandan İlham Əliyevin əməyi və zəhməti ilə əldə etdiyimiz torpaqlarda ilk dəfə imtahanların keçirilməsinə müvəffəq oldu. İmtahan təşkilatçılığı son dərəcə yüksək səviyyədə idi. Həm Fövqəladə Hallar Nazirliyi əməkdaşları eyni zamanda tibb və polis xidmətləri, məktəb rəhbərliyi və s. Ərazilərdə yeni-yeni məskunlaşma baş verdiyi üçün əhali sayı az idi. 

 

Horadiz qəsəbəsində 3 şagird, Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə 4 şagird imtahanda iştirak edib. Həmin 4 şagirdin imtahan prosesini təşkil etdim və bu mənim üçün olduqca qürurvericidir. Tarixi anlara şahidlik etdim. Bu mənim həmin torpaqlara ilk səfərim idi. Sevindirici hal o idiki imtahanda heç bir qayda pozuntusu yaşanmadı. 

 

Şagirdlər böyük həvəslə imtahanda iştirak etdilər. Nəticələri Dövlət İmtahan Mərkəzi yoxladıqdan sonra açıqlanacaq. Təhsilalanlar hazırlıqlı idilər və onlarda o məsuliyyəti hiss edirdi ki, Laçın şəhərində keçirilən ilk dəfə buraxılış imtahanında iştirak edirlər. İmtahan 3 saat çəkdi. İmtahan prosesinin iştirakçısı kimi qürur duyuram və DİM -ə təşəkkür edirəm ki, belə bir etimadı mənə göstərdilər”.