Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 17:47:03
ADNSU-da akademik Akif Əlizadə ilə görüş keçirilib

Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) alim və ictimai xadim,
Azərbaycanın tanınmış geoloqu, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan
Respublikasının Dövlət mükafatı laureatı, ADNSU-nun fəxri professoru akademik Akif Əlizadə ilə görüş keçirilib.

 
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov dəyərli alim və ADNSU-nunfəxri professoru, akademik Akif Əlizadəni doğma universitetində salamlamaqdan məmnun olduğunu deyib.

 

ADNSU-nun fəxri məzunu kimi akademikin Azərbaycanın geologiya və geofizika elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışan dosent Vazeh Əskərov alimin şərəfli həyat yolunun gənc nəsil üçün örnək olduğunu bildirib və 90 illik yubileyi münasibətilə yubilyarı təbrik edib.  “Mən günəşə inanıram, o şüalarını saçmasa belə” mövzusunda çıxış edən akademik Akif Əlizadə doğma təhsil ocağında olmaqdan və gənclərlə görüşdən böyük sevinc hissi keçirdiyini bildirib.

 

Azİİ-də təhsil aldığı dövrdən, gənclik illərindən danışan akademik Akif Əlizadə yenidən həmin divarlar arasında belə bir görüşü yüksək dəyərləndirdiyini qeyd edərək yüksək intellektli, bilik və bacarıqlı gəncliyin formalaşması istiqamətində görülən işləri və yenilikləri cəmiyyətin başlıca vəzifələrindən biri kimi səciyyələndirib. Tələbələri maraqlandıran sualları cavablandıran akademik gənclərə elmi və nəzəri sahədə tövsiyələrini verib, onları Azərbaycan elmini inkişaf etdirməyə, elmi-tədqiqat işlərini genişləndirməyə, milli elmin inkişafına töhfə verməyə çağırıb.

 
Sonra “Elm üçün döyünən ürək” mövzusunda SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, “ Təbiətin arxitektorları” mövzusunda Geoloji Kəşfiyyat Fakültəsinin (GKF) “Faydalı qazıntı yataqlarının geologiyasının işlənməsi” kafedrasının dosenti Ağamehdi Ağayev, “Akademik Akif Əlizadə haqqında xatirələr” mövsuzunda GKF-nin “Geofizika” kafedrasının professoru Tofiq Əhmədov, “Geoloji Kəşfiyyat Fakültəsinin tələbəliyindən akademikliyə yüksələn yol” mövzusunda GKF-nin dekanı, dosent Naməd Paşayev çıxış edərək akademik Akif Əlizadənin zəngin elmi fəaliyyətindən və xatirələrindən danışıblar, yubilyarı təbrik ediblər.

 

Çıxışlarda qeyd edilib ki, görkəmli alim nəinki Azərbycanda, eyni zamanda dünyada geologiya sahəsində elmi məktəb yaradıb. Tədbirdə Akademik Akif Əlizadəyə həsr olunmuş film nümayiş olunub. Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.