Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 09:00:00
 “Tarixdə bu gün” - 11 mart necə yadda qalıb?

Tarixdə bəzi əhəmiyyətli hadisələrin yaranması bəzən heç də hər kəsə məlum olmur.  

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

11 mart  tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

11 mart 1702-ci ildə İngiltərədə gündəlik çıxan ilk milli qəzet “Daily Courant” nəşr olunmağa başladı: 

 

Bir vərəqdən ibarət olan qəzetin üzündə xəbərlər, arxa səhifəsində isə reklamlar yer alırdı.

 

11 mart 1959-cu ildə  Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilib:

 

Buraya Latviyanın Riqa şəhərindən altı tramvay gətirilib. İlk vaqonu sürücü S.Rəhimov idarə edib.

Sumqayıtda iki tramvay marşrutu qurulmuşdu. Biri mərkəzdən indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə, digəri isə mərkəzdən indiki Azərbaycan Boruyayma Zavoduna kimi.

Tramvayların iş rejiminə əsasən birinci vaqon səhər saat altının yarısında xətdən çıxıb, sonuncusu isə gecə saat ikidə depoya gəlirdi. Tramvayların hərəkət intervalı 15 dəqiqə təşkil edirdi.

 

Qeyd edək ki, 1990-cı illərdə Sumqayıt tramvayları artıq yararsız idi. Yeni tramvay almağa pul yox idi, ona görə də iki tramvay əsaslı təmir edilir. Həmin iki tramvay təmirdən sonra qaydaya düşür. Lakin digər tramvayların xarici görünüşü qorxulu idi. Onlar köhnəlmiş, paslanmış, yan tərəflərini isə fanerlə tıxanmış, sınmış şüşələr bəzəyirdi.

 

Sumqayıt tramvayı hərəkətini 2003-cü ildə başa vurub. Bundan sonra bütün vaqonlar istismardan çıxarılaraq, metal qırıntıları kimi istifadə edilib. 

 

11 mart 1992-ci ildə Azərbaycan Respublikası 3 dövlətlə diplomatik əlaqələr qurub:

11 martda Azərbaycan, Böyük Britaniya, Qvineya və Nigeriya arasında diplomatik əlaqələr qurulub.

 

11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunu pandemiya elan edib: 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb.