Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 17:31:31
BMU THİK-in hesabat-seçki yığıncağı keçirilib

Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda BMU THİK-in sədri Ləman Şərifova təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabatda tələbələrin müxtəlif problemlərinin həlli, o cümlədən birdəfəlik maddi yardımların verilməsi, yataqxana xərclərinə dəstək, universitetin sosial-ictimai həyatında fəallığı ilə seçilən, yüksək nailiyyətlər qazanan tələbələrin mükafatlandırılması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və s. bu kimi istiqamətlərə toxunulub.

 

Səs çoxluğu ilə qəbul edilən hesabatdan sonra komitənin rəhbər strukturlarının yeni tərkibi müəyyənləşib. Ləman Şərifova səsvermə yolu ilə yenidən komitənin sədri seçilib.

 

Daha sonra çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə THİK-in ötən dövr ərzində gördüyü işlərin qənaətbəxş və səmərəli olduğunu deyib. THİK-in fəaliyyətinin əsasında tələbələrin hüquqlarının qorunmasının dayandığını xatırladan prorektor təşkilatın rəhbərliklə tələbələr arasında körpü rolunu oynadığını, universitet-tələbə əlaqələrinin müsbət dinamika ilə inkişafına dəstək verdiyini bildirib. Eyni zamanda THİK-in timsalında tələbələrin universitet tərəfindən humanist qayğı ilə əhatə olunduğunu, onların müxtəlif xarakterli problemlərinə həssaslıqla yanaşıldığını vurğulayıb.

 

BMU-da THİK-lə bərabər digər tələbə təşkilatlarının da fəaliyyət göstərdiyini deyən Bayram Hüseynzadə tələbələrin bu təşkilatlar çərçivəsində həyata keçirilən müxtəlif formatlı layihələrdə yaxından iştirakı və fəallığının daha da artırılmasının önəmini qeyd edib. Bununla yanaşı, nizam-intizam, etik davranış qaydalarının da daim diqqətdə saxlanılmasının vacibliyini önə çəkən və bu məsələdə nümunəvi tələbələrin üzərinə düşən fərdi məsuliyyətdən danışan prorektor tələbələrə universitet rəhbəliyinin müvafiq tövsiyələrini çatdırıb.

 

Sonda çıxış edən Ləman Şərifova ona göstərilən etimadı doğruldacağını, yeni komanda ilə bərabər THİK-in fəaliyyətinin daha səmərəli təşkilinə səy göstərəcəklərini vurğulayıb.