Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 17:43:00
Gerçək həyatını filmdə də oynayan ögey ana - Həkim olmaq istəyirdi, amma...

Milli kino və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər.

Xalq artisti Nəcibə Məlikova da həmin sənətkarlardan biridir. Bu gün aktrisanın doğum günüdür.

Nəcibə Məlikova və təhsil yolu...

O,  25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə  alıb. Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943).

Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək, Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub.

1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Həkim olmaq istəyirdi, amma...

Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Lakin Xoşsima xanım qardaşı - böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov (Sidqi Ruhulla) tutulandan sonra onun da ictimai həyatına son qoyuldu. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırdılar. Bundan sonra bütün qapılar onların üzünə bağlandı.

Aktrisa Nəcibə Məlikovanın  uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızını olduğuna görə, arzusu ürəyində qaldı. Buna baxmayaraq, atası Haşim bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir.

Məcburi sənət...

Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirdi. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktrisalığa bağlamaq qərarına gəldi. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verdi və Fatma Qədrinin sinfinə qəbul olundu. Lakin burada oxuduğu müddətdə sənətə çox bağlandı.

Xalq artisti Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutulmuşdu. Həyatının sonuna kimi - 27 il şəkər xəstəliyi ilə yaşadı.  Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova İkinci Fəxri xiyabanda dəfn olunub.