Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 14:45:00
Kurikulum əsasında keçiriləcək sınaq imtahanlarıyla bağlı bu məqamlar qaranlıq qalıb

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni təhsil proqramları üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

İmtahanın tarixi və zəruri məlumatlar DİM tərəfindən açıqlansa da, şagirdlər üçün bəzi məqamlar qaranlıq qalıb.

AzEdu.az adıçəkilən məsələlərin bir qisminə aydınlıq gətirməyə çalışıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, növbəti sınaq imtahanları gələn ilin əvvəlində keçiriləcək.

Məlumatda qeyd olunub ki, sınaq imtahanında iştirak etmək istəyənlər üçün sinif məhdudiyyəti qoyulmayıb. Yuxarı sinif şagirdlərinin hər biri imtahanda iştirak edə bilərlər.

Buraxılış imtahanı modelində sınaq imtahanının keçirilməsi isə nəzərdə tutulmur.

Fənlər üzrə qəbul proqramı, ədəbiyyat siyahısı və digər zəruri məlumatlar yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalında öz əksini tapacaq.

Digər qaranlıq qalan məsələlər barədə DİM-in 1653 çağrı xətti ilə əlaqə saxlaya bilərsiniz.

Xatırladaq ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 18 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 6600 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

İmtahan binalarına buraxılış yalnız şagirdlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən şagirdlər imtahana buraxılmır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları