Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-28 16:49:54
DİM-in sədri “Yüksəliş”in qalibləri ilə görüşüb

28 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şamxal Cəmilzadə və Səkinə Vəliyeva ilə növbəti görüş keçirib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Məleykə Abbaszadə mentilərin Fərdi İnkişaf Planında onları maraqlandıran məqamlarla tanış olub və proqramdan olan gözləntilərini öyrənib. Daha sonra sədr idarəetmə ilə bağlı şəxsi təcrübəsi və peşəkar biliklərini paylaşıb və mentilərin suallarını cavablandırıb. Sədr həmçinin qarşıdan gələn imtahanlar haqqında iştirakçılara məlumat verib və müəyyən statistik məlumatları diqqətə çatdırıb. Müsabiqə qaliblərinin müşahidəçi qismində DİM tərəfindən keçirilən imtahanlara və tədbirlərə cəlb olunması qərara alınıb. M.Abbaszadə iştirakçıların gələcək idarəçi rəhbərlər kimi potensiallarının daha da inkişaf etdirilməsi üçün köməklik göstərəcəyini bildirib.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Növbəti, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.