Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 17:28:52
AzMİU-da Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində  Universitetin professor-müəllim heyəti və  tələbələrinin iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canını fəda edən şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

AzEdu.az xəbər verir ki, sonra Azərbaycan Respublikasının Dövlət Himnni səsləndirilib. Çıxış edən rektor professor Gülçöhrə Məmmədova Xocalı soyqırımının insanlığın tarixində ən qəddar və amansız terror hadisələrindən biri, 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu deyib. Rektor qeyd edib ki, erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.


Professor Gülçöhrə Məmmədova o zamanlar Xocalı soyqrımına lazımi hüquqi qiymətin verilmədiyini, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırdığını bildirib. Ulu Öndərin yürütdüyü həmin siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edən rektor əlavə edib ki, dünyanın bir çox ölkələrində Heydər Əliyev Fondunun, Fondun müxtəlif ölkələrdəki nümayəndəliklərinin, diaspor təşkilatlarının təşəbbüsü ilə tədbirlər keçirilir, Xocalı faciəsi soyqrımı aktı və insanlığa qarşı cinayət kimi tanınır.


“Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində qələbə qazandığımız 44 günlük Vətən Müharibəsində bəşəriyyət və insanlıq adına utancverici fakt olan Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı”,  deyə rektor qeyd edib. Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı faciəsinin tarixi aspektlərinə toxunub. Deputat Xocalı faciəsinin səbəb və nəticələrindən söz açıb, bu faciənin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırım aktlarının davamı olduğunu vurğulayıb.


Xocalı soyqırımını dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu diqqətə çatdırıb. Sonda Xocalı soyqrımına həsr olunmuş film nümayiş etdirilib.