Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 11:20:26
"İlin gənc müəllimi”: “Qalib olmaq mənə bir sıra qapıları açdı”

"İlin gənc müəllimi-2023" müsabiqəsinə qeydiyyat davam edir.

 

Müsabiqənin əsas məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Müsabiqənin 2022-ci il qaliblərindən olam Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktor müavini, ingilis dili müəllimi Leyla Camalzadə AzEdu.az-a açıqlama verib.

 

L.Camalzadə qeyd edib ki, “İlin gənc müəllimi-2022” mükafatına layiq görülməyi müəllim əməyinə verilən dəyərin bariz nümunəsi idi:

 

“Mükafat almaq hər bir müəllimi həvəsləndirir. Müəllim üçün hansısa zəhmətinin bəhrəsini görmək onu yeni uğurlara cəlb edir. “İlin gənc müəllimi” seçilmək mənə çox şey qazandırdı, xüsusən də tanındım. İnsan zəhmətinin qarşılığında təltif olunaraq tanınmırsa, bu ona o qədər də şöhrət gətirmir. Amma “İlin gənc müəllimi-2022” bizə bir sıra qapıları açdı. Belə ki, tanındıqdan sonra ətrafımız genişləndi, yeni müəllimlərlə tanışdıq, layihələrə cəlb olunduq. Bu isə bizdə məsuliyyət yaratdı ki, öz üzərimizdə işləməliyik, dayanmamalıyıq. Nə vaxt yorulsam bizə duyulan etimad yadıma gəlir və özümə deyirəm ki, dayanmaq olmaz”.  

 

Müsahibimiz gənc müəllimlərin inkişafı ilə bağlı öz tövsiyələrini verib:

 

“Ümumiyyətlə tək gənc yox, bütün müəllimlərə tövsiyəm ondan ibarətdir ki, dayanmasınlar. “Su da axmasa orada ifunət qoxar” müəllim mütəmadi olaraq üz üzərində işləməlidir. Elm və texnika inkişaf edir, ancaq öz sahəsindən əlavə müəllim mütləq bədii kitab oxumalıdır. Bu gün müəllimlər öz sahələrində çox bacarlıqlı, güclüdürlər, yaxşı təşkilatçılıq qabiliyyətləri var, lakin bir çoxunun dünya görüşü o qədər də geniş deyil. Buna səbəb isə onların bədii kitab oxumamalıdır. Onlar ya vaxtım yoxdur, ya səbrim çatmır, ya da günün yorğun vaxtına düşür, oxuduqlarımızı anlamırıq kimi bəhanələrlə kitab oxumaqdan uzaqlaşırlar. Halbuki bədii kitab oxuyan müəllimin istər-istəməz nitqi səlis, aydın, axıcı olur, dünya görüşü artır, insanlarla ünsiyyəti fərqli şəkildə formalaşır və müəllim özünü inkişaf etdirir. Gənc müəllimlər gözləməsinlər ki, kimsə gəlib onları irəliyə çəkəcək. Buna özləri can atmalıdırlar. Layihələrə qoşulmalı, təlimlərdə, seminarlarda iştirak etməlidirlər, sahəsindən asılı olmayaraq 1 və ya 2 xarici dil öyrənməli, ölkədən kənara çıxmalı, dostluq əlaqələri qurmalıdırlar. Ümumiyyətlə müəllimlər sosial olmalıdırlar. Bu gün bir çox müəllim sosial platformalardan istifadə etmir. Halbuki sosial platformalar belə həm maarifləndiricidir, həm də müəllimlərin əməkdaşlıq qabiliyyətini artırır”.

 

L.Camalzadə vurğulayıb ki, müəllimlər heç vaxt “mənəm-mənəm” sevdasına düşməməlidirlər:

 

“Nə qədər çox mənəm-mənəm desən, artıq bu bir yerdən sonra öyrənməyin inkişafını dayandıracaq. Əksinə öyrənə-öyrənə “hələ heç nə bilmirəm” kimi düşünsən, onda özünü inkişaf etdirəcəksən. Müəllimlər əsla oxumaqdan yorulmasınlar, dayanmasınlar, öz uğursuzluqlarından məyus olmasınlar. Bilsinlər ki, uğursuzluq bir təcrübədir. Növbəti dəfə 0-dan deyil, təcrübəli şəkildə başlayacaqlar. Zirvəyə gedən yol çoxlu məğlubiyyətlərdən keçir. O qədər məğlub olmalısan ki, artıq səndə məğlubiyyətə qarşı güc yaratsın. Nə olursa olsun səbr etməkdən, inanmaqdan əsla əl çəkməsinlər”.

 

Qeyd edək ki, müsabiqədə 39 (39 yaş da daxil olmaqla) yaşadək olan müəllimlər iştirak edə bilər. 

 

Linkə keçid edərək formu doldurub, müsabiqədə iştirak edə bilərsiniz:

https://docs.google.com/forms/d/17jbnZdVrOO eXw97wOUc82TSHA9W3VxZnmc6h_6Km3s/edit