Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 11:56:36
Ən gözəl hədiyyə...

Esmira İsmayılova yazır:

 

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür. Və əgər kitab bəşər övladının doğrudan da, ən böyük kəşfidirsə, deməli, bu gün də kitabsevərlər üçün ən böyük bayramdır. Bu günkü bayrama mənim də hədiyyəm gəldi- müəllimim, Lənkəran Dövlət Universitetinin professoru, tanınmış dilçi alim, filologiya elmləri doktoru İlham Tahirov haqqında yazılan “60 yaşın işığında” kitabını mənə bağışladı. Və ən maraqlısı-bağışlanan kitabın özü də müəllifə hədiyyədir-dostlarının 60 illik yubileyi ilə bağlı ən gözəl hədiyyəsi...

 

Bu günkü günün, prof. İlham Tahirovun və dəyərli alim haqqında yazılanların mənim üçün önəmi böyük olduğundan yeni toplu haqqında yazı da mənim hədiyyəm olsun- düşüncəsi ilə yeni toplu haqqında düşüncələrimi oxucularla bölüşmək istəyirəm. Fikrimcə, Beynəlxalq Kitab Bağışlama Günündə bundan yaxşı hədiyyə olmaz. Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış yeni kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, prof. Nadir Məmmədli, rəyçilər fililogiya elmləri doktorları prof. Məsud Mahmudov və prof. Rüfət Rüstəmovdur.

 

Kitabın birinci bölümündə İlham Tahirov haqında biblioqrafik məlumatlar, redaktoru və rəyçisi olduğu əsərlər, yazılarından seçmə fikirlər yer alıb. “60 il:Təbriklər və arzular” bölümündə ölkənin tanınmış dilçi alimlərinin, tanınmış elm- sənət adamlarının, iş yoldaşlarının, jurnalist dostlarının yubilyar haqqında yazıları toplanıb. 3-cü bölümdə İlham müəllimin həmkarları haqqında yazıları yerləşdirilib. 4-cü bölümdə görkəmli dilçi alimin ölkə mediasına verdiyi müsahibələri, KİV-də çap edilmiş elmi və bədii yazıları verilib. Topluda prof. İlham Tahirovun hələ dərc olunmayan tərcümələrinin də verilməsi kitabı oxunaqlı və oxucular üçün cəlbedici edən amillərdəndir.

 

“Zamanı Allah yaratmayıb. O, zamanı yaratmaq iznini insana verib. İnsan yaşadığı ömrü ilə nümayiş etdirir ki, Zaman təkcə onun həyatının ölçüsü deyil, həm də onun inkişafı üçün Məkandır”. İlham Tahirov 60 illik ömrünə Zaman- Məkan prizmasından bu rakursdan yanaşır və belə qənaətə gəlir: “Hər zaman bu düşüncədə olmuşam ki, valideynləri haqqında kitabları övladlar, müəllimləri haqqında kitabları tələbələr yazar-cəmiyyətdəki fəaliyyətləri, xalqa, millətə, vətənəgöstərdiyi xidməti ilə-çünki valideynlərin sirri övladları, müəllimlərin sirri tələbələridir”.


Prof. Nadir Məmmədlinin kitaba yazdığı ön sözün son abzasında yazdıqları yazımın sonluğu kimi lap yerinə düşür: “Ümid edirəm ki, uzun illər tanıdığım professor İlham Tahirovun 60 illiyinə həsr olunmuş bu kitab oxucular üçün faydalı olacaq, xeyirxah əməlləri, sadəliyi, sözübütövlüyü ilə tanınmış alimin, şəxsiyyətin, vətəndaşın elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı mühüm məqamlarla tanış olmaq imkanı əldə edəcək, əsərləri ilə bağlı mühüm məqamlarla tanış olmaq imkanı əldə edəcək, əsərləri və yetişdirmələri barədə informasiya ala biləcəklər”.

 

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.