Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 15:14:26
"Sinifdəki hər kəs esseni yazmadan çıxırdı” - Tələbələrlə SORĞU

Fevralın 11-də Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura pilləsi üzrə I cəhd qəbul imtahanı keçirildi. Bu il ilk dəfə qəbula bakalavrların yazı bacarığının yoxlanılması məqsədi ilə xarici dil fənni üzrə esse (yazı) əlavə edildi. İmtahanın nəticələri hələ elan olunmasa da, bakalavrlar sual kitabçaları əsasında təxmini öz ballarını müəyyən edə biliblər.

 

Bakalavrların keçirilmiş imtahanla bağlı təəssüratları nələrdir?

 

AzEdu.az Təhsil Portalı olaraq imtahanda iştirak etmiş şəxslər arasında sorğu apardıq.

 

İmtahanda iştirak etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sevil Qafarova bildirib ki, xarici dil (ingilis dili) bu il fərqli idi, demək olar sinfin yarısı esseni yazmadan otağı tərk elədi:

 

“Bu il informatika fənnindən olan suallar çox çətin idi. İnformatikanın qəlizliyi adamı çətin vəziyyətə salırdı. Məntiq fənnində  isə düşünürəm ki, suallar kifayət qədər normal idi. Tələbələr DİM-in yoxlamasının necə olacağından tərəddüd etdikləri üçün esseni yazmadan sinifdən çıxırdılar. Mən esseni yazan bakalavrlardan biri kimi olaraq DİM-in esselərin yoxlanması probleminə humanist yanaşacağına inanıram.

Çox tələbə imtahan vaxtını düzgün bölə bilmədiyindən şikayətlənir. Mənim fikrimcə buna səbəb informatikada çox vaxt itirmələri olub. İnformatikanın biraz daha yüngül səviyyədə düşməsi bizlər üçün arzu olunandır.

 

Bakı Musiqi Akademiyasının tələbəsi Humay Hacızadə qeyd edib ki, onun üçün imtahanda ən çətin fənn informatika olub:

 

“Mən imtahana ani qərarla qeydiyyatdan keçərək getdim. Buna görə də heç hazırlaşmamışdım. Amma deyə bilərəm ki, imtahan mənim üçün çətin deyildi. Ən çətin fənnin informatika olduğunu düşünürəm.

 

Esse ilə bağlı çətinliyim olmadı. Mükəmməl İELTS səviyyəsində esse yazdığımı deyə bilmərəm, amma fikirlərimi rahat şəkildə ifadə etdim. Yenə də DİM-in standartlarına uyğun yazıb yazmadığımı dəqiq bilmirəm”.

 

Ötən il də magistraturaya qəbul imtahanında iştirak etmiş Bakı Slavyan Universitetinin məzunu Ləman Quliyeva bildirib ki, informatika fənni keçən ilə nəzərən çətin idi:

 

“İmtahanda informatika fənni istisna olmaqla digərləri asan idi. Əgər informatika keçən ilki kimi olsaydı 24-25 düz yaza bilərdim. Xarici dil (ingilis dili) fənnindəki mətnlərə gəlincə, birinci mətn asan, ikinci mətn isə çətin gəldi. Mən esse yazmaq üçün axıra qalanda artıq sinfin yarısı yox idi. Düşünürəm ki, bu il yaxşı bal toplaya bilərik”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi Nurlana Məmmədli də digər bakalavrlar kimi informatika fənninin çətin olduğunu vurğulayıb:

 

Suallar əslində bildiyimiz suallar idi, lakin çox mürəkkəb formada salınmışdı. Esse nisbətən qəliz formada verilmişdi. Vaxt problemi səbəbindən məntiq fənnini tam çatdırmaq mümkün olmadı. Halbuki çox gözəl məntiq sualları salınmışdı. Təəssüfki informatika və ingilis dilinə vaxt çox sərf etdiyim üçün məntiqin çox sualını oxuya bilmədim”.

 

Bakı Slavyan Universitetinin məzunu Səbinə Qasımova məntiq fənninin informatikaya görə daha asan olduğunu bildirib:

 

“İmtahanda məntiq fənni asan idi. 41 sual yazdım. İnformatikadan ən yaxşı oxuyan kurs yoldaşlarım belə 17 sual yazıb. İngilis dilini də zəif yazmışam. Ümumiyyətlə ətrafda 90-dan çox sual yaza biləcək tələbələr belə imtahanın çətinliyindən danışırlar". 

 

Bakı Dövlət Universitetinin tələbəsi Ahunur Əliyeva qeyd etdi ki, məntiqdən anlayışı olan tələbələr üçün suallar çətin deyildi:

 

“İnformatika fənni ən çətin olmasa da, gözləmədiyimiz tipdə suallar salınmışdı. Esse təbii ki, mənim üçün problem yaratdı. Öz adıma deyə bilərəm ki, esseni yazmadan çıxdım. Vaxt problemi yaşamadım, hətta bitməyə 5 dəqiqə qalmış vərəqi təqdim etdim. Ancaq otaqda sualları çatdırıb yaza bilməyən tələbələr var idi”.

 

Bakı Dövlət Universitetinin tələbəsi Rəhimə Əlipənahova sualların normal səviyyədə olduğunu bildirib:

 

“Mən sualların həddən artıq çətin olduğunu düşünmürəm. Fikrimcə normal səviyyədə suallar idi. Çətinlik törədən nüans daha çox informatika fənni  oldu. Səbəb isə budur ki, əsasən, dərs zamanı çox düşəcəyinə ehtimal verilməyən suallar, ilk dəfə düşən sual tipləri var idi. Həmçinin, bəzi suallarda həddən artıq çaşdırıcı cavablar var idi.

Xarici dildə essenin salınması əlbəttə ilk dəfə üçün çətin gəldi, çünki belə bir təcrübə daha əvvəl yox idi. Düşünürəm ki, markerlər yazıları yoxlayarkən bu nüansı da nəzərə almalıdırlar mütləq.

Vaxta gəldikdə isə, vaxt çatır, lakin məntiqdən həddən artıq vaxt tələb edən suallar var idi ki, bunları da cavablamaq üçün vaxt artıq çatmırdı, həmin sualıar məhz vaxt səbəbi ilə itirilir”.