Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 17:10:00
Bölgələrdəki İnformatika  müəllimlərinin məşhur robota münasibəti – ““Sofiya” kimdir, nə deməkdir?”

“Yuxarı sinif şagirdlərim “Sofiya”ya  təəccüblənmirlər. Onlar deyirlər ki, bu robotun imkanları daha çox ola bilər”.

Bu sözləri AzEdu.az açıqlaması zamanı Şəki rayon Baş Göynük kənd 1 saylı orta məktəbin İnformatika müəllimi Aysel Səfərzadə  deyib.

O, qeyd edib ki, şagirdlər “Sofiya”nı qeyri-adi qarşılamayıblar:

““Sofiya” haqda, əlbəttə ki, şagirdlərə məlumat vermişəm. Bu robotu hər kəs, aşağı sinif uşaqları, xüsusən, maraqlı qarşıladılar. Bir az yuxarı sinifdə oxuyanlar  isə adi...

Onlar deyirlər ki, bu robotun imkanları daha çox ola bilər və gələcəkdə reallaşacaq. Yəni onlar təəccüblənmədi və qeyri-adi yanaşmadılar. Robotun danışması, reaksiya verməsi isə hamısı üçün maraqlı gəldi”.

İmişli rayon, Qızılkənd kənd orta məktəbinin informatika müəllimi İlahi Abbasov qeyd edir ki, İnformatika dərsliklərində “Sofiya” mövzusu olmadığı üçün şagirdlərə bu haqda məlumat verməyib:

“ İnformatika dərsliklərində yalnız 11-ci sinif dərsliklərində robotlar haqda məlumat var. Ona görə də, ancaq 11-ci siniflərdə həmin mövzunu keçəndə robotlar haqda danışırıq. Mövzu kimi dərsliklərə salınmadığı üçün aşağı siniflərə məlumat verməmişəm.

 Prezident İlham Əliyev “Sofiya” ilə İmişlidə dünən görüşüb. Mənim dərsim isə dərs cədvəli ilə 4-cü günə təsadüf edir. Bu həftənin 4-cü günü “Sofiya” barədə şagirdlərə məlumat verəcəm”.

Tərtər rayon, Zolgörən kənd orta məktəbinin informatika müəllimi Yeganə Kəlbiyeva isə “Sofiya”nın adını eşidəndə təəccüblənir:

““Sofiya?”  O kimdir? O nə deməkdir? Mənim o haqda məlumatım yoxdur”.

Qeyd edək ki, bu gün dünyanın tanınmış robotu “Sofiya” "ASAN-xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib. “Sofiya” 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir.

Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və tele-debatlarda iştirak edib.