Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 14:30:00
Prezident mükafatçısı: Cəmiyyətə faydalı olmağa çalışın

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları veriləcək.

 

Mükafatçılardan biri də Tedroid Media Groupun qurucu və həmtəsisçisi Tariyel Ağazadədir.

 

AzEdu.az-a danışan Tariyel Ağazadə vurğulayıb ki, qarşıdakı illərdə innovasiya sahəsində fəaliyyətini daha da gücləndirərək dövlətdən aldığı dəstəyi doğruldacağına inanır:

 

“Bu mükafat ölkəmizin inkişafı üçün müəyyən işlər görmüş gənclərə təqdim olunub. Mükafatı aldığım üçün çox şadam. Cənab Prezidentə təşəkkür edirəm və qürur duyuram ki, mən də innovasiya sahəsində mükafata layiq görüldüm.

 

Gənclərə tövsiyəm ondan ibarətdir ki, yenilikçi düşüncə və texnologiyalara əsaslanan fəaliyyətlərlə məşğul olsunlar. Çalışsınlar ki, gördükləri iş mütləq ölkəyə, cəmiyyətə faydalı olsun.

 

Mən fəaliyyətimdə texnologiya və innovasiya sahəsində sahibkarlıq sahəsi ilə bərabər insanlara faydalı olmağa çalışıram. Bu səbəbdən gənclərə də cəmiyyəti maarifləndirmək, onlara faydalı olmaq, ölkəmizin inkişafı üçün addımlar atmağı tövsiyə edirəm”.

 

Qeyd edək ki, Tariyel Ağazadə Bakı Mühəndislik Universitetinin (BMU) məzunudur. O, fəaliyyətdə olduğu son illər ərzində Amerika, Gürcüstan, Almaniya, Portuqaliya, Ukrayna, Makedoniya, İspaniya, Hollandiya, Böyük Britaniya, Macarıstan, Qazaxıstan, Türkiyəyə səfər edərək Azərbaycanı beynəlxalq tədbir və konfranslarda təmsil etmişdir.

 

2023-cü ildə təkrar səyahətlər nəzərə alınmaqla dünya nüfuzlu sammit, konqres, tədbir və konfranslardan olan Mobile World Congress, Web Summit, TechCrunch Disrupt, Surge Summit, Digital Bridge 2023, Money20/20 və.s kimi tədbirlərdən Azərbaycan üçün məzmunlar hazırlamışdır.

 

2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilən Azərbaycan İnnovasiya Mükafatı üzrə "İlin İnfluenseri" 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İlin Ekosistem Lokomotivi nominosiyası üzrə "İlin İnnovasiya Adamı" seçilmişdir.

 

"Tedroid Media Group" texnologiya mediası timsalında 29-dan çox qlobal və 70-dən çox yerli şirkət, onlayn platforma və startaplarla tərəfdaşlıq etmişdir. Azərbaycanlı auditoriyaya xitab edən 1000-dən çox elmi-texnoloji və startaplarla əlaqədar sayt, toplam izlənmə sayı 40 milyondan çox olan video məzmunlarına sahibdir.