Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 17:25:00
Hüseyn Cavidin nakam taleli oğlu Ərtoğrulun təhsil uğurları və ömrünün əzablı sonu –ANIM

Bu gün görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin fitri istedada malik tələbəsi, bəstəkar, musiqi tədqiqatçısı Ərtoğrul Cavidin doğum günüdür.

AzEdu.az-ın məlumatına görə, bəstəkar  1919-cu ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, elə həmin il Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur. Onun müəllimi - dahi bəstəkar, Konservatoriyanın rektoru Üzeyir bəy “Azərbaycan xalq musiqisinin əsasları”ndan gənc Ərtoğrula dərin bilik verib, onun bu sahədə fitri istedadı olduğunu dönə-dönə qeyd edib.

O, 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak edib, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib.

Ağırtəbiətli, təmkinli, çalışqan tələbə....

Universitetdə Ərtoğrul Cavidə dərs deyən, akademik Məmmədcəfər Cəfərov bəstəkar haqqında danışarkən onu, əxlaqi keyfiyyətlərə malik olan tələbələrindən biri kimi qiymətləndirib:

“Mən Ərtoğrulu ilk dəfə onun Pedaqoji İnstitutda Dil və ədəbiyyat fakültəsində təhsil aldığı illərdə, sinif otağında görmüşəm. “Sinif otağında görmüşəm” sözünü də təsadüfi işlətmirəm. Ona görə ki, Ərtoğrul tənəffüslərdə də həmişə sinif otağında olur, qarşısında kitab, dəftər, əlində qələm nəsə oxuyur, düşünür, yazırdı. Müəllimlər arasında onun çox böyük hörməti var idi. Mən müəllimlər otağında həmişə ona dərs deyən müəllimlərdən “Ərtoğrul təmkinli, ağıllı, çalışqan, istedadlı oğlandır” sözünü tez-tez eşidərdim.

Tələbələr, sinif yoldaşları, hətta başqa sinfin tələbələri də onu çox sevir, ona xüsusi hörmət bəsləyirdilər. Həmin ağırtəbiətli, təmkinli oğlanı ki, onun o qədər də çox yaşı yox idi, 20-21 olar ya olmazdı ”.

M.Cəfərov vurğulayıb ki, Ərtoğrul Cavid fərqlənən tələbələrdən olub:

“O vaxt ali məktəblər üçün dərsliklər az olduğundan tələbələrin bir qismi mühazirələri nöqtəbənöqtə yazırdılar. Ərtoğrul çox diqqətlə qulaq asar və bütün mənbələri, zəruri tapşırıqları kitabları oxuyardı, ancaq mühazirələri yazmazdı. Bu da mənim çox xoşuma gəlirdi. Fərqlənən tələbələrimdən, xüsusilə Ərtoğruldan çox razı idim. Bizim sözümüz-söhbətimiz onunla ancaq daha çox imtahanda və yoxlama saatlarında olurdu.

Mən Ərtoğrulun iki il müəllimi olmuşam. Onun dili xüsusilə, referatlarda çox yaxşı idi. İndi bilmirəm, ali məktəblərdə necədir, o təcrübədən istifadə olunur, yoxsa yox, əvvəllər, məsələn, Ərtoğrul tələbə yoldaşlarına mövzu verir, onlar da həmin mövzu üzrə referatlar yazıb gətirirdilər. Bu da tələbələrdə yazı qabiliyyətinin, fikirlərini ifadə etmək tərzinin inkişafına çox böyük kömək edərdi”.

24 illik ömrünə dünyaları sığışdıran bəstəkar....

Ərtoğrul Cavid peşəkar yaradıcılıq üçün ömrünün yalnız 3-4 ilindən səmərəli istifadə edə bilib. Bu qısa zaman kəsiyində 9-cu variasiyanı yazıb, 200-dən çox el havalarını, dastan və nağılların mətnlərini qələmə alıb.  Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, N.Rəfibəylinin "Eşq olsun", türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" kimi şeirlərinə romans və mahnıları yazıb. Böyük Vətən müharibəsi başlayanda isə "Cəbhədən məktub" simfonik balladasını bəstələyib, marşlar yazıb, "Şeyx Sənan", "Məhsəti" operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb. Bu yarımçıq qalmış siyahını Ərtoğrulun neçə-neçə şerləri, "Eqoistin taleyi" kimi pyesi və bir-birindən maraqlı rəsmləri də var.

Ə.Cavid ömrünün son günlərini çox ağır keçib. Son 3 ilini xəstə olub, canıyla çarpışıb. Bitmək üzrə olan zamanını isə xəstə Ərtoğrul Cavid atasız, anasız, xüsusən də Turan həsrəti ilə başa vurmalı olub.

O, 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat edib. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Müşkinaz Cavidin qəbirləri ilə yan-yanadır.