Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-24 12:32:30
BMU ilə “Coders Azerbaijan” MMC arasında əməkdaşlıq...

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev “Coders Azerbaijan” MMC-nin nümayəndə heyəti ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə Yaqub Piriyev sürətli və dinamik inkişaf fonunda yüksək ixtisaslı kadr hazırlığına tələbat, qlobal innovasiyalar mühitində milli prioritetlərin müəyyənləşməsi, insan kapitalının müasirləşdirilməsi yolu ilə qarşıda duran hədəflərə nail olunması məsələlərinə toxunub. Eyni zamanda rəqəmsal mühitdə iqtisadi idarəetmənin təmin olunmasında intellektual kadr potensialının rolu, həmçinin bu sahədə birbaşa ali təhsil müəssisələrinin üzərinə düşən vəzifə və öhdəliklərdən danışıb.

 

Mövcud çağırışlara uyğun BMU-da görülən işlər, qarşıda duran növbəti inkişaf mərhələləri haqda məlumat verən rektor bu aspektdə beynəlxalq əməkdaşlıqla yanaşı, təşkilat və özəl biznes sturukturları ilə əlaqələrin əhəmiyyətini vurğulayıb.

 

“Coders Azerbaijan” MMC-nin həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov aparıcı ali təhsil müəssisələrindən biri olan BMU ilə əməkdaşlığın qurulmasına göstərdikləri maraqdan söz açıb. Təmsil etdiyi şirkətin ümumi fəaliyyətinə toxunan həmtəsisçi MMC-nin informasiya texnologiyaları və rəqəmsal bacarıqların inkişafına yönələn müxtəlif tədris proqramları və layihələri barədə geniş məlumat verib. Eyni zamanda, BMU-nun sonuncu kurs tələbələrinin bu proqramlara cəlbi və onların müvafiq dövlət qurumlarında işlə təminatı ilə bağlı atılacaq addımları nəzərə çatdırıb.

 

Sonra BMU ilə “Coders Azerbaijan” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı təşviq etmək məqsədi daşıyan sənəddə təcrübə mübadiləsinin aparılmasına dəstək, birgə təlim, tədris proqramlarının hazırlanması və s. bu kimi istiqamətlər yer alıb.