Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 09:27:00
Oğlanların ali təhsilə marağı niyə azdır? – Sədr səbəblərdən DANIŞDI

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən statistikaya əsasən deyə bilərik ki, ali təhsil alan qızların sayı oğlanlara nisbətən çoxluq təşkil edir.

 

Oğlanların ali təhsilə marağının azalmasının səbəbləri nədir?

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova mövzu ilə bağlı AzEdu.az-a müsahibə verib.

 

Sədr qeyd edib ki, valideynlərdə, eləcə də cəmiyyətdə “oğlan daş da daşıya bilər, amma qız təhsil alsın” yanaşması var: “Qanunvericiliklə qadın və kişi bərabər hüquqlara malikdir, lakin hər iki cins üçün bərabər imkanlar varmı? Bəzən valideynlərdə, eləcə də toplumda “oğlan daş da daşıya bilər, amma qız təhsil alsın” düşüncəsi yaranır. Əslində qızların təhsil almağı, təhsil pillələrinin ali məktəblərə qədər gəlməsi çox yaxşı haldır. Bu statistika sevindirir ki, qızlar təhsil almağa meyillidirlər və buna şərait yaradılıb. Çünki digər statistikalarda görünür ki, qızlar təhsilin icbari hissəsini alıb, növbəti hissəsinə keçmirlər. Oğlanların ali təhsil alma statistikasının az olmasına onların peşə bacarıqlarına yönəlməsi, daha tez həyata atılıb işləməsi, həmçinin, əsgərlik məsələsi təsir edir.

 

Ümumilikdə görünür ki, imkan yaradıldığı halda qızların təhsilə davamlılığı daha yüksək olur. Oğlanların alternativ seçimlərinin çoxluğu təhsildə yayınma prosesində fəal iştirak edir. Onların daha çox telefon, sosial şəbəkə və s. isitifadə etməkləri də statistikaya təsir edən amillərdəndir. Bəziləri fikirləşir ki, ali təhsil olmasa da başqa alternativləri dəyərləndirə bilərlər, o cümlədən peşə təhsili ilə məşğul ola, fiziki güc, əl əməyi tələb edən sahələrə yönələ bilərlər”.

 

Təhsildə ümumi yanaşma gender bərabərliyinə əsaslanmalıdır”,- deyə G.Səfərova vurğulayıb: “Hər iki cins təhsilli olmalıdır. Çünki bir tərəfi daha çox gücləndirib, digər tərəfi unutduqda cəmiyyətdə bir balans yaranır. Bu da gələcəkdə genafona təsir edəcək məsələlərdəndir. Təəssüf ki, ümumilikdə ali təhsilə maraq, inam, təhsilin növbəti pilləsinə həvəs çox da güclü deyil. Bu məsələni həll etmək üçün ali təhsil müəssisələri təhsillərinin uğurlarının verdiyi imkanları paylaşmalıdır. Adətən məktəblərdə olimpiada qaliblərini və s. uğurları paylaşılır. Universitetlərin uğurları və onları bitirib daha yaxşı həyat şəraiti ilə təmin olunan insanların cəmiyyətdə ali təhsilin vacibliyini vurğulayan çoxlu misallar olmalıdır. Təəssüf ki, bu bizdə zəifdir. Son illərin tendensiyası onu göstərir ki, ali təhsil almağa meyillənən gənclərin çoxu təhsillərini xaricdə davam etdirmək istəyirlər”.

 

Həmsöhbətimiz bildirib ki, 2 il ərzində ali təhsil müəssisələri ilə fəaliyyətimiz zəif olub: “Bu barədə hesabat görüşümüzdə də qeyd etmişdim. Lakin bu amil təkcə ali təhsil müəssisələrinin maraq göstərməməyindən irəli gəlmir. Təhsil komponenti böyük və geniş sahə olduğundan ali təhsil müəssisələri ilə işlə bağlı ictimai müzakirələri bir neçə dəfə edə bilmişik. Ümid edirəm ki, gələn dəfə bu fəaliyyət daha çox artacaq. Ali təhsil, eləcə də elm sahəsi cəlbedici olmalıdır. İnsanlar bilməlidir ki, təhsil onların rifahına təsir edən əsas amillərdəndir. Biz bunu təbliğ etmədikcə sözsüz ki, maraqsız olacaq”.