Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-10 09:28:33
DİM-də görüş keçirilib

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Malayziyanın Milli Çap Korporasiyasının nümayəndə heyəti arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, Malayziyanın Milli Çap Korporasiyasının “Percetakan Nasional Malaysia Berhad (PNMB)” nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Dövlət İmtahan Mərkəzində olub.

 

9 yanvar 2024-cü ildə PNMB-nin baş icraçı direktoru Mohd Şahar Yopenin rəhbərlik etdiyi heyətlə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə arasında görüş keçirilib. Görüşdə həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev və aparat rəhbəri Vəfadar Misirov iştirak ediblər.

 

Görüş zamanı Azərbaycanda milli qiymətləndirmə sisteminin inkişaf yolu, imtahanlarda etibarlılığın və şəffaflığın təmini, məlumat bazalarının idarə olunması, bilik, bacarıq və səriştələrin qiymətləndirilməsində elmi yanaşmanın əhəmiyyəti, elm və texnologiyanın, o cümlədən süni intellektin qiymətləndirmə proseslərinə tətbiqi və Malayziyanın qiymətləndirmə təşkilatları ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

 

Səfər zamanı qonaqlar DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar. Sonra isə DİM-in əməkdaşları imtahanların keçirilmə prosesini əks etdirən təqdimatla çıxış ediblər. Təqdimat zamanı qonaqlara məlumat bazaları, ərizə qəbulu, imtahanların təşkili, imtahan məzmunu və materiallarının hazırlanması, cavabların emalı, apellyasiya prosesi, müsabiqə və yerləşdirmənin aparılması ilə bağlı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Daha sonra qonaqlar DİM-in texnoloji çap mərkəzi ilə tanış olublar. Texnoloji çap mərkəzində qonaqlara etibarlı və təhlükəsiz çap prosesinin təşkili əyani şəkildə nümayiş etdirilib. Qonaqlara həmçinin cavab kartlarının hazırlanması, emal olunması, eləcə də imtahanların məzmununun ekspertizası və bütövlükdə proseslərin təhlükəsizliyinin təmin olunması barədə məlumat verilib.