Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 16:27:35
BMU-da Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib

Bakı Mühəndislik Universitetində (BMU) 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru Yaqub Piriyev dünya azərbaycanlılarını birliyə səsləyən Həmrəylik Gününün əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Azərbaycançılıq ideologiyasına söykənən bu tarixin təsis olunmasının dünyanın müxtəlif səmtlərində məskunlaşan soydaşlarımızın doğma torpaqla, Azərbaycanla əlaqələrinin daha da gücləndirilməsinə, kökləri qədim əsrlərə dayanan milli-mənəvi dəyər və ənənələrimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini bildirib.

 

Rektor Həmrəylik Günü və Yeni il bayramlarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin sayəsində ildən-ilə daha möhtəşəm və böyük ruh yüksəkliyi ilə qeyd edildiyini diqqətə çatdırıb.

 

Prezident İlham Əliyevin yürütdüyü siyasət, strategiya nəticəsində 2023-cü ilin ölkəmiz üçün uğurlarla zəngin olduğunu, yeni tarixi nailiyyətlərə imza atıldığını söyləyən Yaqub Piriyev bu sırada Azərbaycanın suverenliyinin tam bərpa olunmasını, Qarabağa Böyük Qayıdışın sürətlənməsini, bütövlükdə bütün sahələrdə dinamik inkişafın qeydə alınmasını vurğulayıb.

 

Qarşıdan gələn 2024-cü ildə Azərbaycanın sürətli inkişaf yolunda daha da irəliləyəcəyinə sonsuz inamını dilə gətirən rektor çıxışında gələn il fevralın 7-də keçiriləcək Prezident seçkilərinin ciddi siyasi hadisə kimi tarixə düşəcəyinə, suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçki məntəqələrinin fəaliyyət göstərəcəyinə diqqət çəkib.

 

Yaqub Piriyev hər bir azərbaycanlının son 20 ildə Azərbaycana böyük inkişaf, tarixi qələbələr yaşadan ölkə rəhbərinin yanında olacağının heç kimdə şübhə doğurmadığını deyib və hamını seçkilərdə aktivlik nümayiş etdirməyə çağırıb. Rektor cənab İlham Əliyevin müdrik siyasətinin bundan sonra da onilliklər ərzində güclü Azərbaycan dövlətinin qurulmasına böyük töhfələr verəcəyini vurğulayıb.

 

Ötən il ölkənin təhsil sitemində də müsbət, yaddaqalan hadisələrin baş verdiyini, işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin istifadəyə verildiyini, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradıldığını qeyd edən rektor BMU üçün də uğurlu keçən ilin sonunda universitetin fəaliyyətinin Elm və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilərək təşəkkürnamə ilə təltif olunduğunu deyib.

 

Çıxışının sonunda BMU kollektivini, tələbələri təbrik edən rektor onlara ən səmimi, xoş arzu və diləklərini çatdırıb.

 

Sonra bayram tədbiri bədii hissə ilə davam edib. Universitetin Bədii yaradıcılıq bölməsinin təşkilatçılığı ilə tələbələrin ifasında mahnılar səsləndirilib, müxtəlif səhnəciklər və rəqslər nümayiş olunub.