Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 15:49:59
DİM- də tələbələr üçün maarifləndirici görüş keçirilib

13-14 dekabr 2023-cü il tarixlərində Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrinin (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti) yuxarı kurs tələbələri ilə dövlət qulluğunun təbliği və təşviqi məqsədilə maarifləndirici görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə ümumilikdə 400-dən çox tələbə və gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı nümayəndələri iştirak ediblər.

 

Tədbirin başlanğıcında ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Mərkəzin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov tədbir iştirakçılarına DİM-in fəaliyyət istiqamətləri, keçirilən imtahanlar, dövlət qulluğu sahəsində nəşrlər barədə məlumat verib.

 

Daha sonra Mərkəzin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydası” mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimat zamanı dövlət qulluğuna qəbul, dövlət qulluğunda vəzifələr, dövlət qulluğunda test imtahanı və müsahibələr, dövlət qulluğu ilə bağlı statistik göstəricilər barədə görüş iştirakçılarına məlumat verilib.

 

DİM-in Gəncə Regional Bölməsinin böyük məsləhətçisi Sərxan Ağayev isə tədbir iştirakçılarına dövlət qulluğu ilə bağlı elektron xidmətlər, o cümlədən “otk.az” onlayn sınaq imtahanı portalı haqqında məlumat verib.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, müvafiq mövzu ətrafında müzakirə aparılıb və tədbir iştirakçılarına dövlət qulluğu sahəsində maarifləndirici nəşrlər paylanılıb.