Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 13:07:00
Təklif: Universitetlər xarici dilin tədrisini inkişaf etdirməlidir  

“Təklif edirəm ki, Azərbaycan Dillər Universitetində və digər universitetlərdə ingilis dili müəllimliyi ixtisası ilə tərcümə ixtisaslarında təhsil alan tələbələr arasında danışıqlar ingilis dilində aparılsın”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib.

 

Ekspert bildirib ki, universitetlər tələbələrə ingilis dilində danışmağı tövsiyə edərək təşviq etməlidir:

 

“Bu gün gənclərdə ən böyük problemlərdən biri də ingilis dilində danışıq məsələsidir. Əlbəttə bu dil beynəlxalq və çox tələb olunan dildir. Buna görə də gənclərdə dil-danışıq bacarığını artırmaq lazımdır. Hesab edirəm ki,  qrammatika da lazımdır, amma bununla yanaşı danışıq dilini öyrənmək də vacibdir. Çox təəssüflər olsun ki, hazırda ali təhsil ocaqlarının bir çoxunda bu məsələyə diqqət edilmir. Xüsusilə də, bu ixtisasları tədris edən universitetlərdə buna diqqət ayrılmalıdır”.

 

 

Həmsöhbətimiz söyləyib ki, tədris ingilis dilində olan ixtisaslarda  danışıq dilinə üstünlük vermək lazımdır:

 

“Həmin ixtisaslar üzrə tədris aparan universitetlərin məzunlarının əksəriyyəti danışıq dilindən əziyyət çəkir və kurslara müraciət etmək məcburiyyətində qalır. Halbuki bizim əksər universitetlərdə bu imkanlar genişdir və bu təklifi etmək imkanları var. Ümidvaram ki, ali təhsil ocaqları bu təklifə müsbət yanaşacaq və danışıq bacarığını tətbiq etmək üçün səy göstərəcəkdir”,- deyə fikrini yekunlaşdırıb.