Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-12 16:31:31
Yeniyetmələrdə kriminal aləmə meyillilik ARTIR - Onları necə qoruyaq?

Son günlər şagirdlər arasında qeyri-etik davranışların sərgilənməsi hallarında artım müşahidə edilir. Bunun əsas səbəbi ailədən gəlsə də, bu istiqamətdə məktəbin də rolu danılmazdır. Bir çoxları tərəfindən qeyd olunur ki, gənclərə mədəniyyət doğru şəkildə aşılanmır.

 

Maraqlıdır, şagirdlərdə mədəniyyət və incəsənətin formalaşması üçün məktəblər hansı tədbirlər həyata keçirməlidir?

 

Sözügedən məsələ ilə AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər orta məktəblərdə şagirdlər arasında şiddətin artması göz qabağındadır:

 

“Xüsusilə də bu kimi hallar fiziki cəhətdən güclü olan yuxarı sinif şagirdlərinin özlərini kriminal aləmin nümayəndəsi kimi aşağı sinif şagirdlərinə təqdim etməsi ilə bağlıdır. Belə faktlara Bakı və Gəncə məktəblərində daha çox rast gəlinir. Yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərindən pul toplaması, özlərinə tabe etdirməsi kimi faktlar üzə çıxarılmasa da, təəssüflər olsun ki, var. Bunun əsas səbəbi məktəblərimizdə təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. "Təhsil haqqında" qanunda ümumtəhsil məktəblərinin vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifəsi əks olunsa da, həmin kriteriyalar müəyyənləşməyib.

 

Ekspert qeyd edib ki, məktəblərdə sahibkarlığı önə çıxarmaqdansa, təlim-tərbiyə işini önə çıxarmaq vacibdir:

 

“Eyni zamanda, cəmiyyətin özündə də müəyyən boşluqlar var. Etiraf edək ki, biz şəhidə 1 metr abidə ucaldanda, kriminal aləmin vəfat edən üzvünə 3 metr abidə ucaldırıq. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirləri həyata keçirilməlidir. İlk növbədə KİV-də, xüsusən də məktəblərdə tərbiyə işlərinə diqqət yetirmək lazımdır. Məktəblərdə sahibkarlığı önə çıxarmaqdansa, təlim-tərbiyə işini önə çıxarmaq vacibdir. Bütün bunlar olmadığı üçün sözügedən aləmə meyillilik artır. Hazırda ölkə üzrə belə tədbirlər yox səviyyəsindədir”, - deyə fikrini yekunlaşdırıb.