Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-18 12:55:31
Məhtimqulu Fəraqinin 300 illik yubileyi qeyd olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türk dünyasının dahi mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş “Haqqın qulu – Məhtimqulu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin yüksək səviyyəsindən, iki ölkə arasında münasibətlərin möhkəm təməllər üzərində qurulmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs edib. Şairin Azərbaycanda tapılan “Divan”ının çapının ədəbi əlaqələrimizə böyük töhfə verdiyini qeyd edən AMEA prezidenti görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığının, onun xatirəsinin ölkəmizdə hər zaman əziz tutulduğunu və bu münasibətlə ardıcıl şəkildə konfrans və tədbirlərin keçirildiyini vurğulayıb.

 

Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxışında Məhtimqulu Fəraqinin zəngin ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyini vurğulayıb. Akademik şairin yaradıcılığının, ideallarının öyrənilməsi baxımından Azərbaycanın ikinci böyük mərkəz olduğunu bildirib, konfransın iki ölkə arasında qardaşlığın bariz nümunəsi olduğunu söyləyib.

 

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov çıxışında türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi yaradıcılığına Azərbaycanda göstərilən diqqətə görə minnətdarlığını bildirib. Səfir ortaq mənəvi dəyərlər və dini-mədəni köklərlə bir-birinə bağlı olan Türkmənistan-Azərbaycan münasibətlərindən söz açaraq, iki qardaş ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün dəstək göstərəcəyini vurğulayıb.

 

Sonra Türkmənistanın Oğuz Xan adına “Türkmənfilm” studiyasının istehsalı olan “Haqqın qulu – Məhtimqulu” sənədli filmi nümayiş etdirilib.

 

Konfransda Türkmənistan Elmlər Akademiyasının Filologiya və Hüquq Elmləri Bölməsinin müdiri Gövhər Gəldiyeva, Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri professor Məmməd Əliyev, Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun elmi işçiləri – Gözəl Allakova və Maya Babayeva, Bakı Dövlət Universitetinin professoru Firuzə Ağayeva və Türkmən Dövlət Universitetinin Türkmən ədəbiyyatı kafedrasının müdiri Amannəfəs Şıxnəfəsov şairin yaradıcılığının müxtəlif istiqamətləri haqqında məruzələrlə çıxış ediblər.

 

Tədbirdə Bakı Dövlət Universitetinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri filologiya elmləri doktoru, professor Ramiz Əskərin türkməncədən dilimizə tərcümə etdiyi “Məhtimqulu. Seçilmiş əsərləri” kitabı təqdim olunub.

 

 

Sonra Azərbaycan və Türkmənistanın istedadlı gəncləri Məhtimqulu Fəraqinin şeirlərini söyləyiblər.

 

 

Sonda konfrans iştirakçıları Əlyazmalar İnstitutunun Ekspozisiya zalında dahi şairin qədim əlyazma nüsxələri və nadir eksponatlarla tanış olublar.

 

 

Konfrans Türkmənistanın Azərbaycandakı səfirliyi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.