Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-18 12:33:42
Əski Azərbaycan əlifbası üzrə təlim kursu təşkil edəcək

İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə 2024-cü ilin əvvəlindən “Əski Azərbaycan Əlifbası” üzrə bir semestrlik təlim kursu təşkil ediləcək.

 

 

AzEdu.az  xəbər verir ki, ilk qəbul sinfi on tələbə üçün nəzərdə tutulan kursun iştirakçıları Azərbaycanda 1929-cu ilədək işlədilən ərəb qrafikalı əski əlifbanın təməl qaydalarını öyrənəcək və bununla, müvafiq dövrün əlyazma və çap, dövri mətbuat və müxtəlif ədəbiyyat nümunələrini mütaliə və tədqiqat bacarığına yiyələnəcəklər.

 

 

Tədris 2024-cü ilin yanvar ayının ortasından başlayaraq çərşənbə və cümə günləri saat 16:00-18:00-də “Ədibin Evi”ndə aparılacaq.

Namizədlər dekabrın 20-dək https://rb.gy/usjsp linki vasitəsilə ərizə formasını doldura bilərlər.

 

Tələbələrin seçimində üstünlük tarix, filologiya, jurnalistika və kitabxanaçılıq sahəsi üzrə tədqiqatçılara veriləcək. Kurs üzrə təhsil haqqı “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun ianələri hesabına ödəniləcək. Kursu uğurla bitirənlər sertifikat qazanacaqlar.

 

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən bəri zəngin tariximiz və ədəbiyyatımızın öyrənilməsi, mirasımızın qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə əski Azərbaycan əlifbasının öyrənilməsi istiqamətində fəaliyyət artıb. “Ədibin Evi” öz təşəbbüsü ilə bu səylərə dəstək verəcək.

 

 

Qeyd edək ki, “Ədibin Evi” XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı ünvandır. Burada fəaliyyət göstərən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər həyata keçirir.