Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 09:44:35
Məktəbliləri kiberhücumlardan necə qoruyaq? – “Maarifləndirilmə işləri aparılmır”

 

Sosial şəbəkələrin aktiv istifadə olunduğu dövrdə məxfiliyin qorunmasında bir sıra problemlər yaşanır. Xüsusilə də məktəblilərin şəxsi məlumatlarının əldən-ələ keçməsi, hətta intiharlara gətirib-çıxarır.

 

Bəs, görəsən  məktəblərdə kibertəhlükəsizliklə bağlı  maarifləndirilmələr necə təşkil olunmalıdır? Uşaqlar kiber aləmdə necə qorumalıdırlar?

 

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Rəşad Zeyvəliyev AzEdu.az-a açıqlama verib.

 

R.Zeyvəliyev bildirib ki, yetkin şəxslər, valideynlər belə, dələduzlarla qarşılaşdığı üçün onlar öz övladlarını kiberhücumlardan qoruya bilmirlər: “Mövcud cəmiyyət kibertəhlükəsizlik mövzusunda ən zəif halqadır. Bəzi hallarda valideynlər şəxsi kart məlumatlarının bölüşdürülməsi, onlayn iş təklifləri zamanı dələduzların qurbanlarına çevrilirlər. Bu problemləri həll etməyi bacara bilməyən valideynlər, övladlarına da kiberhücmlardan qorunma yollarını izah edə bilmirlər. Belə olduğu halda məktəblilərin müdafiəsi təhsil sisteminin öhdəliyinə düşür. Hazırda məktəblərdə kibertəhlükəsizliklə bağlı maarifləndirilmə işləri aparılmır. Həmçinin, bu mövzuda fənn tədris olunmur”.

 

Müsahibimiz bildirib ki, məktəblərdə kibertəhlükəsizlik fənni tədris olunmasa da, maarifləndirilmə işləri mütləq aparılmalıdır: “İl ərzində ən az 2-3 aydan bir şagirdlərin kiber aləmdə özlərini qorumaları ilə bağlı maarifləndirilmə işləri aparılmalıdır. Əgər maarifləndirmə işləri vaxtaşırı mövcud dələduzluq faktlarına əsasən seminarlar şəklində təşkil olunsa, məktəblilərdə bu mövzulara qarşı özünümdafiə mexanizmi formalaşmış olacaq. Məsələn, bu ay dələduzluq faktlı kimi “Piramida” dələduzları ilə insanların milyonlarla pulu oğurlandı. Bu mövzunu bir seminar üçün şagirdlərə əyani vəsait kimi təqdim etsək, onlarda fikir formalaşmış olacaq”.

 

IT mütəxəssisi qeyd edib ki, biz insanları media üzərindən maarifləndirməyə çalışdığımız kimi, azyaşlıları da seminarlarla maarifləndirməliyik: “Şagirdləri məktəbdə bir otaqda toplayaraq gələcəkdə qurbana çevrilməklərinə əngəl olmaq üçün daimi məlumatlar ötürməliyik. Təəssüf ki, qurbanlar arasında azyaşlıların olması faktları da az deyil. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, sosial şəbəkələrdə, müxtəlif forumlarda valideynlər yazır ki, uşaqlar icazəsiz kart məlumatlarını yazıb, paylaşıblar. Nəticədə də pul vəsaitləri silinir və 99% bu pullar geri qayıtmır”.

 

Həmsöhbətimiz vurğulayıb ki, dələduzların hədəf kütləsində uşaqlar dayandığı üçün onları “maraqlı” oyunlarla ələ alırlar: “Azyaşlıların qarşısına oyunlar çıxdıqda onlarda həvəs yaranır və girib oynayırlar. Oyunun çətinlik səviyyəsi artıqca, kart məlumatları tələb olunur. Uşaqların yazdığı məlumatlar zərərli şəxslərin əlinə keçərək müəyyən məbləğlərdə pullar oğurlanmağa başlayır. Bütün bu faktlarla bağlı mütləq maarifləndirilmə aparılmalıdır”.

 

R.Zeyvəliyev təklif edib ki, dərsliklərdə məqalə kimi kibertəhlükəsizlik mövzusu yazılmalıdır: “Bir neçə il öncəyə kimi ali təhsil müəssisələrində də kibertəhlükəsizlik üzrə fakültələrin adı olsa da tədrisi aparılmırdı. Hazırda müşahidə edirik ki, həmkarlarımız, gənc kadrlar  universitetlərdə bu dərslərin tədrisi ilə məşğul olurlar. Bu sevindirici haldır ki, fakültələr ad kimi qalmayıb, mütəxəssis hazırlığı ilə məşğul olur. Bu addım mütləq ümumorta təhsil müəssisələrində də atılmalıdır”.